Beyləqanda pir biabırçılığı Cərciz Peyğəmbər pirindən yüz min manatdan çox nəzir oğurlanıb; bu olaya görə işdən çıxarılan axund hadisənin təfərrüatlarını açıqladı
Aprelin 29-dan 30-na keçən gecə ölkənin ən məşhur ziyarətgahlarından birindən bir aylıq nəzir pulları oğurlanıb. Musavat.com-a bu barədə Beyləqandan daxil olan məlumatda bildirilir ki, bu böyük oğurluq hadisəsi adıçəkilən rayondakı Həzrəti Cərciz Peyğəmbər pirində baş verib. İlkin məlumatlara görə, pirdən təxminən yüz min manatdan çox nəzir pulu oğurlanıb. Bununla bağlı artıq Beyləqan Rayon Polis Şöbəsində cinayət işi açılıb və təhqiqat aparılır. Məlumata əsasən hər ayın sonunda Bakıdan, Qafqaz Müsəlmanları İdarəsindən gedən nümayəndələr nəzir pulları yığılan otağı açır və yığılan pullar hesablanır, pirin ehtiyacları qarşılandıqdan sonra qalan məbləğ Bakıya aparılır. Lakin bu dəfə Bakıdan gələnlər əliboş geri qayıtmağa məcbur olublar. Çünki gecə nəzirlərin toplandığı otağın qapısı sındırılıb və pullar oğurlanıb. Məlumatda bildirilir ki, istintaq orqanları şübhəli kimi pirdə çalışan mollaları dindirir. Əsas şübhəlilərdən biri isə Həzrəti Cərciz Peyğəmbər pirinin rəhbəri Hacı Cəfərqulu hesab olunur. Polis daha çox Hacı Cəfərquludan şübhələnir. Beyləqanda dolaşan məlumatlarda isə bildirilir ki, pirdə yığılan pulların aradan çıxarılmasında Hacı Cəfərqulu ilə yanaşı rayon rəhbərliyinin də əli var. Qeyd edək ki, pirin mollalarından biri də Beyləqan şəhər ərazi nümayəndəsi Azil Aslanovun qardaşıdır. Dindirilən mollalar arasında onun olduğu da iddia olunur. Məlumatları və ehtimalları təsdiqləyən başqa bir səbəb isə bu gün Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadənin Həzrəti Cərciz Peyğəmbər pirinin rəhbəri Hacı Cəfərqulunu vəzifədən kənarlaşdırması olub. Baş verən oğurluq hadisəsindən sonra rayon rəhbərliyi ilə QMİ arasında ciddi narazılıqların yarandığı bildirilir. Məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün Cərciz Peyğəmbər pirinin rəhbəri Hacı Cəfərqulu ilə əlaqə saxladıq. Pir rəhbəri işdən çıxarıldığını təsdiqləməklə yanaşı, bunları bildirdi: “Sizdə olan məlumat doğrudur. Bir neçə gün bundan əvvəl səhhətimlə əlaqədar olaraq işdən çıxarılmağım barəsində rayon rəhbərliyinə!? (red.) müraciət etdim. Səhhətim işləməyə imkan vermədiyindən bu addımı atdım”. Hacı Cəfərqulu Cərciz Peyğəmbər pirində baş verən oğurluq hadisəsinə də aydınlıq gətirdi: “Pirdə baş verən oğurluq hadisəsi ilə bağlı rayon polis şöbəsinə müraciət etmişəm. Hazırda araşdırmalar aparılır. Oğurluqla bağlı bir neçə pir işçisi polis idarəsinə dəvət olunub” . Qeyd edək ki, Hacı Cəfərqulunun vəzifədən alınmaq üçün icra başçısına müraciət etməsi bizi təəccübləndirdi. Çünki normalda Hacı Cəfərqulunun icra başçısına heç bir tabeçiliyi yoxdur və ziyarətgah rəhbərinin işdən azad olunmaq üçün icra başçısına müraciət etməsi də ilginc məqamlardan xəbər verir. Mövzu ilə bağlı QMİ-nin də mövqeyini öyrənməyə çalışacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?