Əhali Vaqif Abdullayevlə Hacı Cəfərqulu cütlüyünün əməlindən “dad” deyir
gundemxeber.az Azərbaycanda fəaliyyət göstərən bütün ziyarətgahlarda toplanan nəzirlərin miqdarı son zamanlar xeyli artsa da, onun taleyi əvvəlki tək hələ də qaranlıq qalır. Beyləqanda yerləşən Cərciz Peyğəmbər ziyarətgahında hər gün orta hesabla ən azı 2 – 3 min manat arasında gəlir əldə olunur. Ziyarətgahın içərisindəki nəzir qutusundan hər ay mərasim dövründən asılı olaraq 30 – 40 min manat civarında pul götürülür. Bu ziyarətgahda əsas rəhbərliyi əməli rayon əhalisinə bəlli olan Hacı Cəfərqulu adlı şəxs aparır. O, son 25 ildə bir neçə dəfə ziyarətgahdan qovulsa da, yenə də müxtəlif dolayı yollarla yenidən ziyarətgahı ələ keçirib. Ziyarətgahdan əldə etdiyi pul onun dişinə və beyninə necə yeriyibsə, ölər, ancaq oradan əl çəkməz Hacı Cəfərqulu! Sabiq icra başçısı Xasay Əhmədov onu ziyarətgahdan yuxarıların tapşırığı ilə çıxarmışdı. İrşad Əliyev rayona icra başçısı təyin olunandan sonra Hacı evini ona verdi və onun hesabına yenidən ziyarətgahı ələ keçirməyə nail oldu. Hazırkı icra başçısı Vaqif Abdullayev bu ilin aprelində rayona başçı təyin olunanda Hacı Cəfərqulu onu da evinə salmaq üçün minnətçilər saldı, dəridən – qabıqdan çıxdı, lakin alınmadı. Amma bunla belə, Hacı Cəfərqulu Vaqif Abdullayev tərəfindən ziyarətgahdan qovuldu, amma çox çəkmədi və Hacı sehirli və zəngin nəzir qutusundan çıxardığı pullar hesabına başçını tam ram edə bildi və qayıdıb yerində əyləşdi. Rayondakı mənbəmizin sözlərinə görə, Hacı Cəfərqulu həm ziyarətgahdakı toplanan nəzir – niyaza, həm də çöldəki ticarət və digər obyektlərə ciddi nəzarət edir, pulların da hamısı ona çatır. Nəzir pulundan əlavə olaraq ziyarətgaha çoxlu sayda qızıl zinət əşyaları və müxtəlif qiymətli əşylar ehsan edilir. Bütün bunlar da Hacı Cəfərquluya məxsus olur. Ziyarətgahda heç bir sənədləşdirmə işi aparılmır. Hacı Cəfərqulu əldə etdiyi pulları və qiymətli əşyaları özü istədiyi kimi mənimsəyir. Hər yerə özünə yaxın adamları qoyub. Ziyarətgahda hansı pis əməllərlə məşğul olmuş insan istəsən tapa bilərsən. Nəşəxordan tutmuş, cinayət törətmiş kriminallara qədər. Çünki Hacı Cəfərqulu bilir ki, yanına onun əməlindən baş çıxara bilən normal insan götürsə, o, qısa müddətdə Hacının əməllərini əhaliyə çatdıra bilər. Məsələn, Hacı Cəfərqulu ziyarətgaha Gəncədən 7 nəfər xanım gətirib və ziyarətgahdakı ticarət obyektlərini də onlara tapşırıb. Babalı deyənlərin boynuna, deyirlər ki, Hacı onlardan siğə məqsədi ilə də istifadə edir! Sual yaranır: görəsən, Beyləqanda bu qədər işsiz insan ola – ola Gəncədən işçi gətirib ziyarətgahda çalışdırmaq Hacı Cəfərqulunun nəyinə lazımdır?! Həzrəti Cərciz Peyğəmbər ziyarətgahının uzun illərdir ki, Hacı Cəfərqulu və onu himayə edən rayon rəhbərliyinin havayı gəlir mənbəyinə çevrilməsi haqlı olaraq rayon əhalisinin narazılığına və qəzəbinə səbəb olub. Hacı Cəfərqulu ziyarətgahda əldə etdiyi külli miqdarda qazancla kifayətlənməyərək, ziyarətgaha yaxın ərazidə qəbristanlıq üçün ayrılmış 22 hektar torpaq sahəsini də şəxsi məqsədləri üçün istifadə etməkdən çəkinmir. Ziyarətgahla yanaşı salınan iri və xırda mal – qara fermalarında bəslənən bir neçə min heyvan hər il Hacı Cəfərquluya bir neçə milyon manat qazanc bəxş edir ki, bu da xalqın müqəddəs saydığı yeri hörmətdən salmaq hesabına qazanılır. Hazırda Hacı Cəfərqulu həmin ərazidə 200 hektara yaxın torpağı qanunsuz olaraq əlinə keçirərək, ərazini heyvandarlıq bazasına çevirib. Necə deyərlər, icra başçıları ilə əlbir olub talançılıqla məşğul olmağın bəhrəsini görən Hacı Cəfərqulunun həddindən ziyadə özündən çıxdığını deyirlər. Deyilənlərdən bəlli olur ki, Hacı ziyarətgahda kəsilən qurbanlıq qoyun sahiblərinin məramından sui – istifadə edərək burada xüsusi soyğunçuluq mexanizmi yaradıb. Qurbanlıq qoyun ziyarətgaha daxil olan kimi həmin qoyunu kəsim yerinə aparmaq üçün xüsusi araba təşkil olunub. Məsafə çox yaxın olsa da, qurban sahibi arabaçıya mütləq bir manat ödəməlidir. Deməli, gün ərzində 50 qoyun gəlisə, arabaçı hər gün 50 manat qazanır və bunun 40 manatını mütləq Hacı Cəfərquluya verməlidir. Qurbanlıq qoyunun hər biri 5 manata kəsilib soyulur. Qoyun kəsənlər də əldə etdikləri 250 manat pulun 200 –nü mütləq hər gün axşam Hacı Cəfərquluya təqdim etməlidirlər. Əgər hər qoyun kəsən şəxs deyilən pulu verməsə, o, sabah işə buraxılmır. Hacı Cəfərqulu qurbanlıq qoyunun doğranması və hər şiş kababın bişirilməsi üçün də bir manat qiymət müəyyən edib. Beləliklə, hər gün orta hesabla kəsilən 50 qoyunun hər birinin ətindən 30 şiş kabab çəkilirsə, toplam 1500 kababdan gələn 1500 manat pul heç də az qazanc deyil!..
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?