Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinin Nəsimi rayon icra şöbəsinə qarşı iddiasını təmin etməyib. Ə.İnsanov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iyulun 19-da çıxardığı qərardan şikayət verib.
Xatırladaq ki, Ə.İnsanov dövlət başçısının keçmiş köməkçisi Tariyel Ağayevin qızı Vəfa Əlizadənin ona 50 min manat qaytarmalı olması barədə məhkəmə qərarının icra olunmamasına görə Nəsimi rayon icra şöbəsini məhkəməyə verib.
V.Əlizadə keçmiş nazirin mülkiyyəti olan qarajı ondan və ailə üzvlərindən xəbərsiz öz adına keçirib və satıb. Ə.İnsanov məsələdən xəbər tutandan sonra onu məhkəməyə verib.
2015-ci ilin mayında Nəsimi Rayon Məhkəməsi V.Əlizadənin keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Amma qətnamə bu günə qədər icra olunmayıb.
Ə.İnsanovun vəkilləri “Dekabank”da V.Əlizadənin səhmlərinin olduğunu əsas gətirərək qərarın icrasını təmin etmək məqsədilə onların üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət ediblər.
İcra şöbəsi məhkəmənin qərarını yerinə yetirmədiyinə görə keçmi nazir bu qurumdan mənəvi ziyana görə 50 min manat və bu qurumun üç gün ərzində məhkəmə qərarının icrasının təmin olunmasını tələb edir.
Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi hakim Kəmalə Abıyevanın sədrliyilə bu işə baxıb. Tərəflərdən heç biri – nə Ə.İnsanovun vəkili Ağaveyis Şahverdi, nə də icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlməyib. Məhkəmə tərəflərə xəbər verildiyini əsas gətirərək onların iştirakı olmadan işə baxıb. Qısa məşvərətdən sonra apellyasiya şikayətinin təmin olunmadığı elan edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?