Bu gün səhər saatlarında bəzi ərazilərdə yağışın normadan artıq yağması yollarda avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Bunu AzVision.az-a «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi qeyd edib ki, güclü yağışlarla əlaqədar «Azəravtoyol» Bakı və Abşeron ərazisində yollarda tıxacların qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
«Binəqədi rayonuna gedən yolda kollektor olmadığından hər dəfə yağış yağanda ora su basır. Bundan başqa, paytaxtın Əhməd Ağaoğlu və Təbriz küçəsinin kəsişməsində kollektor olsa da, intensiv yağış nəticəsində bu kollektor suyu ötürməyə çatdırmır, suyu geriyə verir, nəticədə su yola dolur».
A.Nəcəfli bildirib ki, paytaxtın Ziya Bünyadov prospektində «Xəqani petrol» yanacaqdoldurma məntəqəsinin ətrafında ərazi, Xətai və Neftçilər prospektində də hərəkətdə çətinliklər yaranıb.
“Həmin ərazilərdə mövcud su ötürücü xətlər çatdırmadığından sel suları geriyə, avtomobil yollarına axır. Hazırda əraziyə «Azəravtoyol» əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və «Azərsu» ASC-nin texnikaları cəlb edilib, yollardan suların çəkilməsi və hərəkətin bərpa edilməsinə başlanılıb”.
Sorğu
Yeni dizaynımız necədir?