Bu gün AXCP rəhbərliyi Şəki rayonunda partiya üzvləri ilə görüş keçirərkən, polis qüvvələri və mülki geyimlilər müdaxilə edib, AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli, AXCP Şəki rayon təşkilatının sədri Əli Abdullayev və şöbə fəallarından bir neçə nəfər polis bölməsinə aparılıb.
Görüş Əli Abdullayevin həyətində təşkil olunub. Polislər və mülki geyimlilər onun həyətinə basqın edərək iştirakçıları bayıra çıxarıb, tədbirin keçirilməsinə imkan verməyiblər. Basqın zamanı 10 nəfərə qədər cəbhəçinin həbs edilərək bölməyə aparıldığı deyilir. Cəbhəçilərlə yanaşı "Turan" agentliyinin Şəki müxbiri Saqif Fətəliyevin də saxlanıldığı bildirilir.
AXCP sədrinin müavini Gözəl Bayramlı, mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, Gənclər Komitəsinin koordinatoru Nihad Hüseyn və Qadınlar Şurasının üzvü Nüşabə Atakişiyeva da görüşdə iştirak edib.Həyətə basqın edənlər onlara da qarşı zorakılıq nümayiş etdiriblər.
Məlumata görə, Şəkidə cəbhəçilərə qarşı təxribat hazırlanır. Xüsusi hazırlanmış şəxslər cəbhəçiləri yumurta atəşinə tutamaq üçün səfərbər olunub. Hazırda cəbhəçilər Əli Abdullayevin mənzilində toplanıblar. Lakin polislər mənzil sahibinin həyətinə giriblər və ondan qonaqları çıxarmağı tələb edirlər.
Polislər Bakıdan gedən AXCP təmsilçilərini qonaq aparmaq istəyən yerli fəalları da təhdid edir. Onlar qonaqların rayondan çıxmasını istəyirlər. Hətta qan tökmək bahasına olsa da, onların Şəkidə bir an artıq qalmasına imkan verməyəcəklərini deyirlər.
Xatırladaq ki, bundan əvvəl də Sabirabadda polislər və mülki geyimlilər AXCP-nin yerli şöbə fəalının həyətinə basqın edib, partiyanın toplantısını dağıtmışdılar. /azadliq.info/ http://www.youtube.com/watch?feature=player_embedded&v=PfRHucVlf-o
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?