Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun qohumu icra başçısından narazıdı
Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyevin rayonda həyata keçirdiyi “əsaslı islahatlar” nəticəsində bu struktur daxilində yaranan problem və çəkişmələr yerli sakinlərə də narahatlıqlar yaşatmaqdadır. Bir müddət bundan əvvəl qəzetimizə Ağstafa rayonu Vurğun qəsəbə sakinlərindən biri tərəfindən imzalanmış və ölkə prezidentinə ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdu. Həmin məktubunda vətəndaş bildirirdi ki, onun atası hələ 1950-ci ildə Qərbi Azərbaycanın Vedi rayonu Kolanı kəndindən deportasiya olunmuş və həmin vaxtdan da Ağstafa rayonu Vurğun qəsəbəsində ailəsi ilə birgə yurd salmışdır. Səkkiz nəfərdən ibarət böyük ailə bu gün də həmin qəsəbədə yaşayır. Şikayətçi bildirirdi ki, ölkə rəhbərliyinin vətəndaşların sosiaı-maddi rifahlarının yüksəldilməsinə dair qərarlarını əldə rəhbər tutaraq o, oğlunun ailəsi üçün özlərinə məxsus hyətyanı sahədə bir mərtəbəli yaşayış evi və 130 kv.m-lik sahədə mağaza tikdirmək qərarına gəlmişdir. Bu məqsədlə RİH-ə müraciət etmiş və 300 (üç yüz) manat məbləğində dövlət rüsumu ödəyərək smeta-layihə sənədləri də hazırlatdırmışdır. Lakin inşaat işlərinə başlanandan az sonra elə həmin RİH-nin əməkdaşları da tikintini dayandırmışlar. Məsələyə aydınlıq gətirmək məqsədilə rəhbərliyə müraciət edən vətəndaşa isə rayonun baş memarı Sənan Mustafayev belə məlumat verib ki, tikintinin saxlanılması barədə göstərişi şəxsən başçı Məhərrəm Quliyev vermişdir. Bu qərarın səbəbi isə guya ki, heç onlara da məlum deyildir.
Təbii ki, bu məsələdə diqqəti cəlb edən xüsusi məqam icra strukturları tərəfindən əvvəlcə smeta-layihə sənədlərinin təsdiq olunması, sonradan isə tikintinin dayandırılması faktıdır. Bu ardıcıllıqda qərarların qəbul olunması tamamilə məntiqsiz görünürdü. Bundan başqa Ağstafa rayonunun digər bir sakini tərəfindən, yenə də ölkə rəhbərliyinə ünvanlanmış növbəti şikayət məktubunun surəti daxil olub. Ağstafa rayonu, Aşıq Ələsgər küçəsi, ev 5 ünvanında yaşayan Məmmədov Fuad Faiq oğlu öz ərizəsində bildirir ki, onun 10 yaşlı oğlu xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar olaraq F.Məmmədov ayda iki dəfə xəstə uşağı müalicə alması üçün İran İslam Respublikasına aparmalıdır. Bu prosedurun maliyyə xərclərini davamlı şəkildə təmin etmək üçün o, öz evini sataraq hazırda ailəsi ilə kirayədə qalır. Əldə olunan pula isə F.Məmmədov bütün qanuni tələblərə uyğun şəkildə, rayonun Heydər Əliyev prospektində sahəsi 72 kv.m olan mağaza tikdirmişdir. Daha sonra şikayətçi bildirir ki, oğlunu növbəti dəfə İrana aparıb-gətirəndən sonra o, mağazasına bitişik, yerə yüksək gərginlikli elektrik xətti keçən dirək basdırıldığını aşkar edib. Ən acınacaqlısı da budur ki, göstərilən səbəbdən F.Məmmədova mağazanı açmağa da icazə vermirlər. Artıq yeddi ay davam edən bu vəziyyətin nəticəsində F.Məmmədov tamamilə müflis olub. Aydın məsələdir ki, maddi ehtiyac içərisində yaşayan vətəndaş artıq xəstə oğlunun müalicəsini də davam etdirə bilmir. Digər tərəfdən isə ardıcıl keçirilməli olan prosedurların arasında fasılə yarandığından, əvvəlki müalicələrin də təsiri itmiş, çəkilən xərclər isə boş məsrəfə çevrilmişdir. F.Məmmədov göstərir ki, dəfələrlə problemin həlli üçün Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyevə müraciət etsə də heç bir nəticə əldə olunmamışdır. Qeyd edək ki, Fuad Məmmədovun ərizəsində bir abzas xüsusilə diqqətimizi cəlb etdiyi üçün onu olduğu kimi dərc etmək qərarına gəldik. F.Məmmədov öz ərizəsində yazır: “Mən bütün baş verənlər barədə doğma bibim oğlu, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova da heç nə deməmişəm. Məqsədim isə budur ki, özüm şəxsən pozulmuş hüquqlarımın bərpasına nail olum...”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?