Ziya Məmmədov - Hafiz Məmmədov – Cavid Qurbanov triosunun korrupsiya sirləri
Məlum olduğu kimi, bu yaxınlarda Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib. Nəqliyyat naziri Ziya Məmmədov şəxsən bununa bağlı açıqlama verərək, qiymət artımının zəruri olduğunu bildirib. Nazir deyib ki, hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib. Ziya Məmmədov müraciətdə gedişhaqqını nə qədər artırmağı təklif etdiklərini açıqlamayıb. Nəqliyyat Nazirliyindən mətbuata verilən məlumatda isə bidirilib ki, gedişhaqqının 10 qəpik artırılması təklif olunub.
Ziya Məmmədov Tarif Şurasının müraciətini geri qaytaracağını bilirdi
Ancaq nazir Ziya Məmmədovun imzaladığı müraciəti Tarif Şurası geri qaytarıb. Artıq xəbər verdiyimiz kimi, Tarif Şurasının aprelin 26-da keçirilmiş iclasında şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxılıb və tariflər dəyişdirilmədən əvvəlki səviyyədə saxlanılıb. Tarif Şurasının belə bir qərar qəbul edəcəni əlbəttə, gözlənilən idi. Seçki ilində hakimyyətin əhalinin böyük bir hissəsinin büdcəsinə mənfi təsr göstərəcək, ictimai narazılıqları daha da artıracaq bir qərara qol qoyması ağlabatan görünmrdü. Xüsusən də mövcud situasiyanı nəzərə aldıqda... Heç o da məntiqi və ağlabatan deyil ki, Ziya Məmədov müraciətinə müsbət cavab veriləcəyini gözləyib. Uzun illərdir yüksək vəzifələrdə işləyən, kifayət qədər idarətmə və siyasi təcrübəsi olan nəqliyyat naziri heç şübhəsiz hakimiyyətin seçki ilində ictimai narazılığa səbəb olacaq belə qiymət artımlarına getməyəcəyini ehtimal edirdi. Bəlkə də dəqiq bilirdi. Bəs maraqlıdır, Ziya Məmədov bunu bilə- bilə niyə ictimai rəyi özünün əleyhinə kökləyəcək belə bir müraciətə imza atır, hətta nümayişkarənə şəkildə bunu bəyan edirdi? Bu sualın əlbəttə, dəqiq cavabı Ziya Məmmədovun özünə məlumdur. Ancaq müəyyən məlumatlar əsasında bəzi mülahizələr irəli sürmək olar.
Paytaxtın ictimai nəqliyyatına nəzarətdə bibioğlu-dayıoğlu tandemi
Sadəcə xatırladaq ki, Bakı şəhərində həm ictimai nəqliyyata, həm də taksilərə nəzarəti 2007-ci ilin yanvarında yaradılmış "Bakı Sərnişin Nəqliyyatı" MMC həyata keçirir. Əhali arasında hələ də Nəqliyyat Departamenti kimi tanınan bu quruma uzun illərdi ki, rəhbərliyi nəqliyyat naziri Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadə həyata keçirirdi. Ancaq ötən il Ziya Məmmədov burda «ciddi» kadr dəyişikliyi edərək, "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin sədrliyindən bacısının oğlunu uzaqlaşdırıb, yerinə qardaşı oğlu Rövşən Məmmədovu gətirdi. Buda onunla bağlı idi ki, həmin vaxta qədər Rövşən Məmmədov Nəqliyyat Nazirliyinin birbaşa tabeçiliyində olan “Avtonəqliyyatservis” Departamentinin rəis müavini işləyirdi. Kimsə Zia Məmmədova yaxın qohumları birbaşa tabeçiliyində olan yüksək vəzifəyə təyin etməyə qanunun icazə vemədiyini xatırlatdığındandırmı, yoxsa başqa səbəbdəndirmi nəqliyyat naziri çox gəlirli bir sahənin faktiki rəhbərliyindən qardaşı oğlunu çıxartmalı olub. Ancaq «işsiz qalmasın» deyə onu doğmaca bibisi oğlunun yerinə təyin edib. Ancaq bu o demək deyil ki, hörmətli nazir bacısı oğlunu işdən uzaqlaşdırıb. Əsla. Uzun illər bu sahədə təcrübə toplamış Davud Əfəndizadəyə Nəqliyyat Departamentinin müavini vəzifəsi tapşırılıb. Bizə verilən məlumatlara görə, sahəyə faktiki rəhbərliyi yenə Davud Əfəndizadə həyata keçirir. Hamının «yaxşı oğlan» kimi tanıdığı Rövşən Məmmədov «lazım olanda» işə gəlir. Qısası, paytaxtın ictimai nəqliyyatına nəzarəti bibioğlu-dayıoğlunun rəhbərlik etdiyi MMC həyata keçirir.
Marşurut sahibləri -Ziya Məmmədovun oğlu, qardaşı oğlu, baldızı uşaqları və başqa yaxınları
Nə isə, mövzudan uzaqlaşmayaq. Qeyd edək ki, sahəyə rəhbərliyin Ziya Məmmədovun yaxınlarının əlində olması, paytaxtda marşrutların da əksəriyyətinin bu ailənin nəzarətinə keçməsinə səbəb olub. Məmmədovun ailə üzvləri və yaxın qohumlarının inzibati resurslardan yararlanaraq şəhərdaxili marşrut xətlərinin əksəriyyətini ələ keçirdiyi bildirilir. Belə ki, paytaxtdakı marşrutların bir çoxu Anar Məmmədovun «Transqeyt» şirkətinə aiddir. Bu şirkətin paytaxtdakı marşrutlarının sayı gündən-günə artdığından onların sayı dəqiq bilinmir. Ancaq bəzi məlumatlara görə, onların sayı 40-a yaxındır. «Transqeyt» şirkətinin paytaxtda 200-ə yaxın iritutumlu avtobusu marşrut xətlərinə buraxılıb ki, hər birindən gündəlik 160-200 manat plan alınır. Bundan əlavə, dövlətin xəttilə gətirilən 550 üçqapılı iri avtobuslar da «Transqeyt» şirkətinin istismarına verilib. Yəni sürücülərdən gündəlik planı bu şirkət yığır. Paytaxtdakı yaşıl rəngli avtobusların hamısının haqqı Anar Məmmədovun şirkətinə çatır. Şəhərdaxili marşrutla yanaşı, şəhərlərarası marşrutlar da Anar Məmmədovun nəzarətindədir. Daha dəqiqi, şəhərlərarası xətlərdə hərəkət edən iritutumlu avtobuslar Anar Məmmədova məxsus «M-Trans» şirkətinə məxsusdur. Bundan əlavə, Ziya Məmmədovun yaxınları və oğlunun dostları da paytaxtda çoxsaylı marşrut xətlərinə sahibdirlər. Belə ki, Rövşən Məmmədovun paytaxtda xeyli sayda marşrut xətti var. Məsələn, 30, 1, 12 saylı marşrutların Rövşən Məmmədova məxsus olduğu bildirilir. Onun marşrut xətlərinə buraxdığı avtobuslar qırmızı rəngdədir. Eyni zamanda Ziya Məmmədovun yaxın qohumları, baldızı uşaqlarının da marşrutları var.“Azəryolservis”in sədri Cavid Qurbanovun da bir-neçə marşrut sahibi olduğu bildirilir. Bu marşrutların əksəriyyəti vaxtilə başqa şəxslərə aid olub. Məhz qeyd olunanlara əsaslanaraq, bəzi dairələr Ziya Məmmədovun avtobuslarda gediş haqqını artırmaq təklifini onun ailə gəlirlərini artırmaq istəyilə əlaqələndirirlər. Bəlkə də belədir... Yuxarıda qeyd etdiyimiz kimi, seçki ilində hakimiyyətin belə bir addım atmayacağını bilən Ziya Məmmədovun indi bu müraciəti imzalaması xeyli qəribə görünür. Ona görə də bu addımın arxasında nazirin ailə gəlirlərini artırmaq məqsədinin dayanması az ehtimal olunandır. Belədə ikinci ehtimal ortaya çıxır ki, bu da Ziya Məmmədovun son bir-neçə ildə üzləşdiyi problemlərlə bağlı la bilər. Belə ki, son illərə qədər nəqliyyat sektorunda yeganə avtoritet Zİya Məmmədov idisə, hazırda bu sahədə 3 başlılıq hökm sürür. Belə ki, Ziya Məmmədovla yanaşı onun keçmiş şəriki, «Hafka» kimi tanınan Hafiz Məmmədov, vaxtilə himayəsində olan “Azəryolservis”in sədri Cavid Qurbanov da sahənin müstəqil avtoritetinə çevriliblər. Və daha maraqlısı odur ki, Hafiz Məmmədovun artıq Ziya Məmmədov üçün başağrısına çevrildiyi, onun nəzarətindəki biznes sektorlarını bir-bir ələ keçirdiyi iddia olunur. Nəqliyat Nazirliyinə yaxın mənbələrdən AzPolitika. info-ya verilən məlumatlar hər halda belə söyləməyə əsas verir. Bu məlumatların bir hissəsini oxucularımıza çatdırmışıq. Bizim, necə deyərlər, isti-isti verdiyimz həmin məlumatlar sonradan rəsmən təsdiqini tapıb.
Təkrarlamaq niyyətində olmasaq da, aydınlıq üçün qeyd edək ki, son illər Ziya Məmmədovun ailə üzlərinə aid bir sıra gəlirli biznes subyektləri Hafiz Məmmədovun “Baglan Group” şirkətinin tərkibinə qatılıb. Bunlardan ən böyüyü dəmir yolunda əsas gəlir mənbəyi olan, yükdaşımalarla bağlı maliyyə əməliyatlarını həyata keçirən, daha dəqiqi bu sahədən pulları yığan “Transoil” MMC-dir. Qeyd edək ki, 2007-ci ildən sonra dəmir yolu nəqliyyatı ilə yükdaşımalardan (daxili və beynəlxalq) gələn vəsaitəri toplayan “Transoil” MMC son günlərə qədər cənab Ziya Məmmədovun qohumu, daha dəqiqi həyat yoldaşının dayısı Şaiq Bilalovun adında olub. 100 faiz gəlirlə işləyən bu şirkətin illik gəliri 100 milyonlarla manatla ölçülür. Ötən ilin yayında belə bir gəlirli şirkət Ziya Məmmədovdan alınaraq, Hafiz Məmmədovun “Baglan Group” şirkətinin tərkibinə qatılıb. Bundan az sonra Ziya Məmmədovun oğu Anar Məmmədov «Bank of Azərbaycan»dakı payını da «Hafka»nın adına keçirdi. Yəni, bankına rəsmi sahibi Hafiz Məmmədov oldu. Zatən bunu bir müdddət əvvəl rəsmən təsdiqlədilər. Qeyd edək ki, «Bank of Azərbaycan» nəqliyyat sektoruna sıx bağlı bir bankdır. Hazırda paytaxtda və ölkə daxilində fəaliyyət göstərən avtobusların əksəriyyəti bu bankdan götürülən (daha doğrusu buna məcbur edilən-müəl.) kredit hesabına alınıb. Elə buna görə də avtobusların əksəriyyəti bankın girovluğundadır. O da maraqlı faktdır ki, sahibkarların bu kreditlər üzrə ödəmələrində böyük həcmdə gecikmələrin olduğu bildirilir. Bu isə nəqliyyat sektorunda, sərnişindaşımada fəaliyyət göstərən iş adamlarının bankdan, dolayısıyla onun sahibindən, indiki halda Hafiz Məmmədovdan asılılığını yaradır.
Cavid Qurbanov “Azəryolservis”i “Hafka”dan necə xilas etdi?
Bundan əlavə Ziya Məmmədovun yaxınlarının adına olan nəqliyyat və tikinti sektorunda fəaliyyət göstərən bəzi müəssələr, firmalar, MMC-lər də Hafiz Məmmədovun “Baglan Group FZCO” Holdinqinə birləşdirilib. Maraqlıdır ki, Ziya Məmmədovun sağ əli kimi tanınan Cavid Qurbanova məxsus şirkətlər də “Baglan Group FZCO” Holdinqin tərkibinə qatılır. Bunlardan ikisinin- “Samur Holdinq” MMC və “Kəpəz V” MMC-nin adları mətbuatda da qeyd edilmişdi. Yer gəlmişkən qeyd edək ki, Nəqliyat Nazirliyinə yaxın mənbələrdən AzPolitika. info-ya verilən məlumatda bir-neçə ay əvvələ qədər Cavid Qurbanovun sədri olduğu “Azəryolservis”in bir sıra mühüm səlahiyyətlərinin “Baglan Group FZCO” Holdinqə verilməsinin planlaşdırıldığı, hətta bununla bağlı müvafiq addımların atıldığı bildirilib. Mənbənin sözlərinə görə, Cavid Qurbanovun bir qədər əvəl Paşayevlərlə qohum olması bu planın baş tutmamasına səbəb olub. Elə Cavid Qurbanovun nəqliyyat sektorunda AVTORİTETƏ çevrilməsi, hazırda adının Ziya Məmmədovun yerinə iddialılar sırasında ilk yerdə hallanması da bu qohumluqla əlaqələndirilir...
Keçmiş şərikinin Ziya Məmmədova baş tutmayan sürprizi!
Keçmiş şərikinin Ziya Məmmədova daha bir sürprizi isə avtobusla sərnişindaşımanı bütövlükdə öz nəzarətinə almaq niyyətini ortaya qoyması olub. Təbii ki, yuxarıların razılığı ilə.Belə ki, ötən ilin sonunda "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin ləğv edilərək, onun bir sıra funksiyalarının Hafiz Məmmədovun “Baglan Group FZCO” Holdinqinə verilməsinə dair qərar olub. Bununla bağlı AzPolitika. info-ya verilən məlumatda bldirilirdi ki, bu ilin əvvəlindən paytaxda və respubikanın iri şəhərlərində ictimai nəqliyyatın (avtobus nəqliyyatının) idarə edidməsi üzrə bir sıra əsas funksiyaların “Baglan Group FZCO” Holdinqin tərkibində yaradılacaq şirkətə həvalə olunması nəzərdə tutulmudu. Bura marşrutlara lisenziya vermək, onların xəttlərini müəyyənlşdirmək, eləcə də aylıq rəsmi və «qeyri-rəsmi» haqlları yığmaq daxildi. Digər funksiyaları - ictimai nəqliyyata nəzarət, xətlərə nişan vermək, vergiləri yığmaq, bir sözlə tənzimləyici funksiyaları həyata keçirmək isə prezident İlham Əliyevin hələ 20 iyul 2011-ci il fərmanı ilə yaradılan, ancaq faktiki olaraq fəaliyyətə başlamayan Nəqliyyat Nazirliyinin tərkibindəki Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sərəncamına veriləcəkdi. Yəni, “Baglan Group FZCO” Holdinq ictimai nəqliyyatda, daha dəqiqi marşrut biznesində əsas «gəlir mənbəyi» hesab olunan fəaliyyətləri kurasiya edəcəkdi. Mənbənin sözlərinə görə, kart sisteminin tətbiq olunmasında məqsəd şəhər nəqliyyatından əldə olunan gəlirin bir mərkəzdə yığılması və ordan bölüşdürülməsini həyata keçirməkdi. Belə ki, vəsaitin “Baglan Group FZCO” Holdinqin sahibi Hafiz Məmmədovun nəzarətinə keçən «Bank of Azərbaycan»a toplanması, burda vergilər və digər «ödəmələr» çıxıldıqdan sonra yerdə qalan vəsaiti sahibkarların istifadə etməsinə imkan verilməsi nəzərdə tutulurdu. Ancaq hansısa vasitələrlə Ziya Məmmədov illik gəliri 100 milyonlara manatla ölçülən bu sahəyə nəzarətin əlindən çıxmasının qarşısını ala bildi. Ola bilsin ki, bu, sərnişindaşıma ilə məşğul olan (əksəriyyəti Məmmədovun yaxınları olduğunu unutmayaq-müəl.) sahibkarların yeni sistemə (gəlirin bir mərkəzdə yığılıb, ordan bölüşdürülməsinə-müəl.) ciddi şəkildə etiraz etmələri, hətta bu halda fəaliyyətlərini dayandıracaqları hədələri ilə bağlı olub. Görünür, yuxarda qeyd olunan plana xeyir-dua verənlər bu halda ictimai nəqliyyatın iflic vəziyyətə düşməsindən ehtiyatlanaraq, geri çəkiliblər. Təsadüfi deyil ki, Ziya Məmmədov son açıqlamasında kart sisteminə keçidin bir-neçə il sonraya saxlandığına eyham vurub. Halbuki ötən ilin sonunda Nəqliyyat Nazirliyindən bu ilin ilk ayından başlayaraq avtobuslarda kart sisteminin tətbiq ediləcəyi bildirilmişdi...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?