Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atan və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin hazırkı variantında bu cərimə yalnız Azərbaycan Prezidentinin şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması halları kütləvi informasiya vasitəsi və kütləvi çıxışlarda edildiyi zaman tətbiq edilir.
Layihə Milli Məclisdə səsverməyə qoyularaq qəbul edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?