Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistem xeyli təkmilləşdirilib, cəza-icra siyasəti humanistləşdirilib, məhkumların hüquq və imtiyazları genişləndirilib, tibbi təminatı, saxlanma şəraiti və infrastruktur onların sosial reabilitasiyası məqsədilə yaxşılaşdırılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, eyni zamanda, humanizm prinsiplərinin səmərəli tətbiqi məhkumların islah olunaraq cəmiyyətə yenidən inteqrasiyasına xidmət edir. Bu sahədə, həmçinin müasir işlək mexanizmlər, o cümlədən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli müəssisəyə keçirilmə institutu geniş tətbiq olunur.
Bu prosesdə kollegiallığın, obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya yaradılıb. Artıq dörd ilə yaxındır səmərəli fəaliyyəti göstərən Komissiya tərəfindən mütəmadi olaraq bütün cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Həmçinin, məhkumlarla zərərçəkmiş şəxslər arasında barışığa nail olunması, onların sosial adaptasiyası məsələlərinin həllində vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə əməli köməklik göstərilir.
Komissiyanın fəaliyyətində şəffaflıq maksimum təmin olunaraq onun iclaslarına məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsindən də istifadə olunur.
Bu ilin noyabr ayında Komissiyanın Penitensiar xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub, 400-dən çox məhkumun şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb.
Eyni zamanda, məhkum kollektivləri ilə tərbiyəvi-maarifləndirmə tədbirləri keçirilərək, dövlətimizin humanizm siyasəti, əfv və amnistiya aktlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib, şərti azadetmə institutunun mahiyyəti, bu sahədə Komissiyanın rolu və məqsədləri haqqında geniş söhbət aparılıb. Tədbirlərdə hər bir məhkumun rejim qaydalarına dönmədən riayət etməklə, islah prosesinə, ictimai tədbirlərə fəal qatılmaqla, davranışı, təhsilə və əməyə münasibəti, faydalı işlə məşğulluğu ilə müsbət xarakterizə olunmaqla vaxtından əvvəl azad olunmağa layiq bilinməsi qeyd olunub.
Təsadüfi deyil ki, Komissiyanın şəffaf və obyektiv fəaliyyətinin, apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsinin nəticəsidir ki, ötən dövrdə 6500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib və həmin şəxslər arasında təkrar cinayətlərin sayı xeyli azalıb. Həmçinin, törətdiyi cinayət əməli ilə zərərçəkmiş şəxslərə və dövlət büdcəsinə ziyan vurmuş məhkumlar tərəfindən bir milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunub.
Məhkumların sosial reabilitasiyasına böyük töhfə verən belə bir qaydada humanist institutun tətbiqi onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş etməklə yanaşı, həmçinin cəza çəkən digər məhkumların səmərəli islah olunmasına öz müsbət həvəsləndirici təsirini göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamını daha da artırır.
Sorğu
Yeni dizaynımız necədir?