Təqsirləndirilən şəxslərə ağır cəzalar təyin edildi
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hacıağa Hüseynovun və Elman Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində baş verib. Hacıağa Hüseynov babası, 76 yaşlı H.Məmmədrəsul oğlunun qətlini tamah məqsədilə qonşusu Elman Qasımovla birgə təşkil edib. Həmin şəxslər onu bağ evinin həyətində başından vuraraq öldürüb, sonra 2 min manat pulu ələ keçirərək bölüşdürüblər. Hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakini Elman Qasımov tutulub. Hacıağa Hüseynov isə hadisənin baş verdiyi gündən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıağa Hüseynov 18 il və Elman Qasımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?