Gəncədə qətl və xuliqanlıq törədənlərə cəza kəsildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Arzu Hacıyev, onun oğlu Samir Mustafayev və Emin Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Samir Hacıyev mübahisə zəminində qohumu, Gəncənin 1-ci mikrorayon, Vəli Xuluflu küçəsində yaşayan, 1990-cı il təvəllüdlü Etibar Əmirova çoxsaylı bıçaq xəsarətləri yetirib. 24 yaşlı gənc dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq daha sonra müəyyən edib ki, Samir Hacıyev atası Arzu Hacıyev və əmisi oğlu Emin Hacıyevlə birləşərək, daha bir ağır cinayət törədiblər.
İstintaq orqanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), 221.2.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edib.
Məhkəmə təqsirləndirilən şəxslərin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.9-cu maddələri ilə verilən ittihamı sübuta yetirə bilməyib. Buna görə də hakimlər həmin maddə ilə bağlı təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü çıxarıb.
Hakimlər Samir Hacıyevi Cinayət Məcəlləsinin 120.2.2, 221.2.1, 228.4-cü, Arzu Hacıyev və Emin Hacıyevi Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirli bilib.
Məhkəmənin hökmü ilə Samir Hacıyev 15 il, Arzu Hacıyev və Emin Hacıyevin hər biri 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?