Xəbər verdiyimiz kimi, ötən gün SOCAR keçən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib. Məlumata görə, itkin düşən neftçi Hacəliyev Həsənağa Hüseynağa oğlunun 2013-cü ildə Sahil qəsəbəsində “Neftçi” MTK-dan götürülmüş mənzilə olan 31 840 AZN məbləğində (15.12.2016-cı il tarixə) borcu SOCAR tərəfindən ödəniləcək.
Neftçi H.Hacəliyevin oğlu Tamerlan Hacəliyev azvision.az -a açıqlamasında məlumatın doğru olduğunu, kredit borcunun SOCAR tərəfindən ödəniləcəyini deyib.
“Atam güzəştli ipoteka ilə mənzil götürmüşdü. Məbləğin bir hissəsini biz verirdik, qalan hissəsi SOCAR tərəfindən ödənilirdi. Yerdə qalan borcun ödənilməsi ilə bağlı banka sorğu göndərilib. Bizə bildirilib ki, atamın adına olan mənzilin kredit borcu ödəniləcək. Hazırda bu istiqamətdə işlər görülür”.
Neftçinin oğlu SOCAR rəhbərliyinin onlara tez-yez baş çəkdiyini, problemləri ilə maraqlandığını söyləyib: “SOCAR rəhbərliyi həftdə bir neçə dəfə ailəmizə baş çəkir, problemlərimizlə maraqlanır. Onlardan narazılığımız yoxdur. Biz iki qardaşıq. Bizi işlə təmin edəcəklərini deyiblər. Bu barədə Rövnəq müəllimə məktub göndərilib. Atamın 40 mərasimindən sonra işə başlayacağıq. Dövlətimizə, SOCAR rəhbərliyinə təşəkkür edirik. Bizi çətin günlərimizdə tək qoymadılar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?