Bu gün səhər saat 5 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
SOCAR-dan Milli.Az-a verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerindədir.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, təxminən 1 il əvvəl, 2015-ci il dekabrın 4-də baş vermiş güclü külək və qasırğa da Xəzər dənizində böyük faciəyə səbəb olub. Belə ki, "Günəşli" yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 33 nəfəri xilas edilib, 11 nəfəri həlak olub və 19 nəfər itkin düşüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?