İqtidar müxalifləri ələ keçirmək üçün kəşfiyyat sistemi tətbiq edib; YAP-çı gənclərin sosial şəbəkədə fəallaşmasına isə milyonlar xərclənir
2009-cu ildən başlayaraq bütün dünyada olduğu kimi Azərbaycanda da “Facebook” bumu yaşanmaqdadır. Digər sosial şəbəkələrdən fərqli olaraq “Facebook” siyasi xarakterli olmasıyla daha çox kütləviləşib və bu sosial şəbəkə artıq dünyanın avtoritar rejimlərinin hökm sürdüyü ölkələrində hakimiyyətlərin rahatlıqlarını əlindən alıb.
Facebook silahı
İlk baxışda elə görünür ki, məhz «Facebook» sosial şəbəkəsində insanların azad şəkildə öz fikirlərini bölüşə bilmələri, rahatca fikir mübadilələri aparmaları «Facebook»un avtoritar rejimlərin təməlini dağıdan faktor olduğunu ortaya qoyur. Çünki avtoritar rejimlərin əsas qoruyucu zirehi olan informasiyanın birtərəfli və ideoloji təməllərə uyğun dağıdılması prinsipləri artıq ortadan qalxıb və bu da təbii olaraq avtoritar rejimlərin ən böyük probleminə çevrilib. Amma buna baxmayaraq avtoritar rejimlər yeni reallığa adaptasiya olunmaq üçün əllərindəki bütün imkanlardan yaralanırlar və bəzən «Facebook» hakimiyyətlərin işinə daha çox yarayır. “Ərəb” inqilablarında «Facebook» sosial şəbəkəsinin rolu danılmazdır və avtoritar rejimlər bunu hiss edirlər. Çünki “Ərəb baharı” zamanı məhz sosial şəbəkələr vasitəsilə qıcıqlandırılan insanlar küçələrə axışdı və «Facebook»da yaradılan kütləvi psixoz Yaxın Şərqin sosialist təmayüllü avtoritar rejimlərində böyük xaosu tətikləyən faktora çevrildi. Misirdə və Tunisdə inqilabların «Facebook»dan doğması bir həqiqəti ortaya qoydu: artıq avtoritar dövlətlərin milli təhlükəsizliyi üçün ən böyük təhlükələrdən biri «Facebook»dur. Yəni «Facebook» ABŞ-ın əlində nüvə silahı qədər effekti olan və daha az sərmayə tələb edən kütləvi psixoz silahıdır. Bu silahdan isə yaxa qurtarmaq mümkün deyil. Çünki inkişafın elə bir mərhələsindəyik ki, artıq «Facebook» kimi sosial şəbəkələr qlobal və beynəlxalq faktor sayılır. Yəni bizi bir dəfə sosial şəbəkələrə alışdırmaqla virtual aləmi həyatımızın vaz keçilməz predmetinə çeviriblər. Artıq dünya bir sosial şəbəkə tiryakisi olub.
Hakimiyyət 100 minlər xərcləyir
«Facebook»un baza sistemi Pentaqon və MKİ-nin heç kimin girə bilməyəcəyi mərkəzində yerləşdirilib. Terror və digər təhlükələrin araşdırılması, zərərsizləşdirilməsi və yönlədirilməsi, digər dövlətlərin hərbi sirlərini əldə edilməsi Pentaqonun nəzarəti altındadır. İnformasiyaların toplanması və ictimai yönlədirmə, siyasi və iqtisadi sirlərin öyrənilməsi məsələləri isə birbaşa MKİ-dən idarə olunur. Bu mərkəzlərdə çalışan minlərlə insan - peşəkar hərbiçilər, psixiatrlar, analitiklər, siyasi texnoloqlar kəşfiyyatçılar, və başqaları hər gün «Facebook»dan daxil olan milyardlarla informasiyanı təhlil edir və gərəkən informasiyaları sistemləşdirib digər analitik qruplara ötürürlər. Ərəb inqilablarından sonra «Facebook»un Azərbaycan siyasətində olan önəmi bir neçə dəfə artıb. Müxalifət öz fəaliyyətinin demək olar ki, bu sosial şəbəkəyə yüklədi və sosial şəbəkə üzərindən həyata keçirməyə başladı. Belə görünür ki, qarşıdan gələn 2013-cü il prezident seçkilərində müxalifət özünün əsas təbliğat kampaniyasını məhz «Facebook» üzərindən quracaq. Hər halda bu ən az maliyyə vəsaiti ilə kampaniya aparmaq imkanları deməkdir. Eyni şeyə YAP cəbhəsi də hazırlaşmaqdadır və hakimiyyətin «İrəli» təşkilatı başda olmaqla özünün gənclər təşkilatlarına artıq hər ay 100 min manat həcmində maliyyə vəsaiti də ayırdığı gələn informasiyalar içində yer almaqdadır. Tərəflərin biri-birinə qarşı olan münasibətləri də artıq aydındır. Müxalifətin «fədailəri» ilə hakimiyyətin «muzdlu ordusu» sadəcə bir-birlərinin ətini yeməyə hazırdır və prezident seçkilərinin kuliminasiya nöqtəsində bu aqressiyanın «virtual zona»dan küçələrə sıçraması ehtimalı böyükdür. Hər halda 2003-cü ildə ölkədə «Facebook» olsaydı, qarşıdurmanın səviyyəsi daha böyük və kəskin olması şübhəsiz qaçılmaz olacaqdı.
Virtualda kəşfiyyat qrupu
Müxalifətdən bir qədər gec də olsa, hakimiyyət son bir ildə «Facebook»da kifayət qədər güclənib. Hakimiyyətdən fərqli olaraq müxalifətin son bir ildə «Facebook»dakı «sosial bazası» heç də böyüməyib. Belə demək mümkünsə, müxalifətin «Facebook»dakı «sosial bazası» sabit qalıb, hakimiyyətin repressiv fəaliyyətləri nəticəsində isə bir qədər zəifləyib. Çünki hakimiyyət müxalifətin «Facebook»dakı aktivlərini 2010-11-ci illərdən aşkarlayıb və indi də seçki öncəsi onları zərərsizləşdirmək üçün tam fəaliyyətə keçib. Son zamanlar «Nida» təşkilatı ətrafında baş verən qalmaqallar və həbslər bu hakimiyyətin müxalifətin aktivlərini qorxutmaq və çəkindirmək planın tərkib hissəsidir. Bir neçə gün əvvəl mətbuatda MTN-də «Facebook»u izləmək üçün xüsusi qrupun yaradılması ilə bağlı məlumat yayıldı. Həmin qrup haqqında məlumatın hakimiyyətin «Facebook» üzərinə «səlib yürüşü» elan etməsindən sonra mətbuata «sızdırılması» sözsüz ki, hansısa fiksiyadan xəbər verirdi. Əslində, həmin qrupun indi yaranması haqqında iddiaların ortaya atılması kimlərdəsə xof yaratmaq məqsədi daşıyır. Əsas isə odur ki, təbii olaraq həmin qrup ölkədə ən azından 3 ildən artıq fəaliyyət göstərir. Bunu «Nida»çıların «Facebook» yazışmaları üzərində həbs olunmaları da açıqca sübut etdi.
Sorğu
Yeni dizaynımız necədir?