İcra hakimiyyəti orqanlarının vətəndaşlardan əsassız ödənişlər tələb etməsi adi hal alıb . Bununla mübarizə aparmalı olan dövlət qurumları, hüquq-mühafizə orqanları isə ya susur, ya da məhkəməyə müraciət etməyi məsləhət bilirlər. Nə yazıqlar ki, məhkəməyə müraciət edənləri də elə məhkəmə əsassız rüsum tələbilə üz-üzə qoyur.
Fikir verin, əsassız ödənişlərdən məhkəməyə ərizə verən şəxsdən məhkəmə özü əsassız ödəniş tələb edir! Belədə hansı hüquq qorunmasından söhbət gedə bilər?
“Dövlət rüsumu haqqında” qanunun 2.0.1 maddəsinin tələbinə əsasən, məhkəmələrə verilən iddia ərizələrinə görə dövlət rüsumun tutulması təsbit olunub və həmin qanunun 8.1.1 maddəsində iddia tələbi 500 manata qədər olduqda tutulmalı məbləğin 20 manat olması göstərilib. Məhkəmələr də bu maddələri əsas tutub, istənilən iddiaçıdan məbləğin ödənilməsini tələb edirlər. Əks halda ərizələri məhkəmə predmetinə çevrilmir. Məhkəmənin qanunu əsas tutub rüsum tələb etməsini fikirləşənlər yanılırlar. Gerçəkdə məhkəmə hakimlərinin ya qanunu sonadək oxumamaları, ya da bilərəkdən vətəndaşları aldadıb ciblərinə girmələri üzə çıxır. Yəqin ki, ikinci hal – bilərəkdən vətəndaşın cibinə girilməsi ehtimalı həqiqətə daha yaxındır.
Sözügedən qanunun 9-cu maddəsində dövlət rüsumundan azad olmaların xüsusiyyətləri də göstərilib və bir sıra kateqoriya vətəndaşların rüsumdan azad olmaları təsbit olunub. Bəs niyə məhkəmə hakimiyyəti bu maddəni görməzliyə vurur?
Sabunçu rayon məhkəməsinə aliment alınması ilə bağlı ərizə verən qaçqın ailəsindən 20 manat almamış ərizəni icraata götürməyiblər. Halbuki “Dövlət rüsumu haqqında” qanunun 9.1.2 maddəsində aliment alınması ilə bağlı iddialar üzrə iddiaçıların dövlət rüsumundan azad olması təsbit olunub. Eyni zamanda sözügedən qanunun 9.1.20 maddəsində şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin, Çernobıl AES-də şüa xəstəliyinə tutulmuş şəxslərin məhkəmələrə verilən iddialarından rüsum tutulmaması yazılıb. Belədə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sığınacaq tapan qaçqın Həbib Məmmədovun ailəsindən sözügedən rayonun məhkəməsi hansı əsasla 20 manat dövlət rüsumu tələb edib və aldadaraq alıb? Yəqin ki, aidiyyəti qurumlar bu suala aydınlıq gətirəcəklər.
Notariat kontorlarının Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq şişirtmə ödənişlər tələb etməsini də vurğulayaq. Bu mövzunu ayrıca qabaqrtmaq fikrində olduğumuzdan bu yazıya nöqtə qoyuruq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?