AzTV-dəki qanunsuzluqları təhqiq etmək üçün İctimai araşdırma qrupu yaradılır.
Bu barədə AzTV-nin keçmiş əməkdaşı, rejissor Nərgiz Cabbarlı sosial şəbəkələrdə yayılmış statusunda qeyd edib:
"Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri AzTV sədri Arıf Alışanovun yaradıcı işdən uzaq olması, yanlış kadr siyasəti, kanalı şəxsi təsərrüfatı kimi idarə etməsi, ciddi qanun pozuntularına yol verməsidir”.
Rejissor, həmçinin "Telekanalda peşəkarların sıxışdırılması, mənəvi mühitin korlanması, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi, xarici şirkətlərlə müəmmalı maliyyə əməliyyatlarının aparılması barədə mediada məlumatların çoxalması A.Alışanovun fəaliyyətinə diqqət yetirilməsini tələb edir. Bunu nəzərə alaraq biz televiziya işçiləri AzTV sədrinin son 10 ildəki fəaliyyətini təhqiq edən İctimai araşdırma qrupu yaratmağı qərara almışıq”,- deyə, qeyd edib.
Bəs qrupda kimlər təmsil olunacaq və təhqiqatlar hansı istiqamətlər üzrə aparılacaq?
Bu suala cavab verən N.Cabbarlı deyib ki, İctimai araşdırma qrupunda televiziya işçiləri ilə yanaşı, hüquqşünaslar və QHT nümayəndələri də təmsil olunacaq: "Biz Alışanovun bütün sahələr üzrə fəaliyyətini araşdıracaq və bu barədə həm ictimaiyyətə, həm də dövlət qurumlarına məlumat verəcəyik”.(Moderator.az)
"Bakı Post” isə qeyd edib ki, bu günlərdə mətbuatda Arif Alışanovun ofşor zonada şirkətlərinin olmasıyla bağlı məlumatlar yayılıb. Bildirilir ki, AzTV-nin son 11 ildə dövlətdən aldığı 704 milyon manat vəsaitin təxminən 158 milyonu əsasən naməlum xarici şirkətlər vasitəsilə "xərclənib”.
İddia olunur ki, A.Alışanov belə faktların detallı şəkildə üzə çıxmaması üçün xüsusi elçiləri vasitəsilə Maliyyə Nazirliyinin və Hesablama Palatasının saytlarında AzTV-nin maliyyə əməliyyatları ilə bağlı məlumatları sildirməyə çalışır.
Maliyyəçi sədrin ən ciddi problemi isə Satınalamalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasındakı məlumatlarla bağlıdır. Alışanovun son 5-6 ildəki alqı-satqılarının siyahısı və ofşor şirkətləri ilə apardığı əməliyyatlar barədə əsas bilgilər, məhz bu məlumat bazasındadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?