“Jurnalistlərə qarşı tətbiq edilən cərimələrin qanunla tənzimlənməsinə ehtiyac var”
Xəbər verdiyimiz kimi, jurnalist Seymur Əliyev jurnalist və media orqanlarına qarşı ölkə məhkəmələri tərəfindən yüksək cərimələrin tətbiqinə əsas gətirərək, mətbuatı fantastik cərimələrdən sığortalamaq üçün qanunvericilikdə bu cərimələrin maksimum həddinin müəyyən edilməsi təklifi ilə çıxış edib. Jurnalistin fikrincə, bu meyar müəyyənləşdirilən zaman medianın ağır maddi durumu nəzərə alınmalı, məlum problemlə bağlı digər dövlətlərin təcrübəsi öyrəniməlidir. Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Ələsgər Məmmədli məlum problemin olduqca aktual olduğunu vurğuladı: “Qoyduğunuz bu məsələ olduqca maraqlı və aktualdır. Ona görə ki, məlum məsələ ilə bağlı həqiqətən də ciddi bir narahatlıq mövcuddur. Media orqanlarına qarşı həm irəli sürülən cərimələr, həm də məhkəmələr tərəfindən təyin edilən cərimələrin məbləği çoxdur. Son illərin təcrübəsinə baxsaq, görərik ki, mətbu orqanlara və jurnalistlərə 30, 40, 50 min manatlıq cərimələr tətbiq edilib. Bunlar olduqca böyük rəqəmlərdir. Azərbaycanda minimum əmək haqqı 105 manat idi, bu yaxınlarda 114 manat oldu. Avropa İnsan Hüquqları Məhkəməsi yüksək cərimələri jurnalist hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirir. Çünki yüksək cərimələr jurnalistləri həqiqəti yazmaqdan çəkindirir. Buna görə də jurnalist tam əmin olmadığı, lakin ictimai əhəmiyyət kəsb edən informasiyanı işıqlandırmaqdan çəkinir. Bu isə tədricən azad jurnalistikanın yox olmasına və qorxan jurnalistikanın formalaşmasına gətirib çıxardır. Avropa İnsan Hüquqları Məhkəməsinin 2009-cu ildə Bolqarıstana qarşı qəbul etdiyi bir qərar var. Həmin qərar minimum əmək haqqının 50 misli miqdarında bolqar məhkəməsinin bir jurnalistə qarşı qəbul etdiyi məhkəmə hökmü ilə bağlıdır. Bolqar məhkəməsi jurnalistlə bağlı qeyd olunan miqdarda cərimə ödəməklə bağlı qərar çıxarmışdı. Bolqar məhkəməsinin bu qərarı Avropa Məhkəməsi tərəfindən ifadə azadlığının pozulması kimi qəbul edildi. Avropa Məhkəməsi belə hesab edir ki, yüksək cərimələr jurnalistlərin azad fəaliyyətinə qorxuducu təsir göstərir. Bununla da jurnalist azadlığını məhdudlaşdırır. Biz məsələyə Bolqarıstan nümunəsindən yanaşsaq, yəni minimum əmək haqqının 50 misli məbləğindən yanaşsaq belə görərik ki, Azərbaycan reallığında bu, təxminən 5000-dən çox, 6000-dən az pul edir. Bu isə o deməkdir ki, Azərbaycanda jurnalistlərin hətta bu məbləğdə cərimələnməsi belə kifayət qədər böyük rəqəmdir və bu, beynəlxalq konvensiyanın 10-cu maddəsinin pozulması deməkdir. Qeyd etdiyiniz kimi, qanunda bu məsələnin tənzimlənməsinə ehtiyac var. Bu tənzimləmə elə olmalıdır ki, əgər jurnalist nəyisə yanlış yazıbsa, buna görə, həddindən çox cərimələnməsin”.
Sorğu
Yeni dizaynımız necədir?