Yeməyi daha da dadlı etmək üçün istifadə edilən, toz halında satılan bulyon Sumqayıtda iki körpə uşağı zəhərləyib. Bu barədə sosial şəbəkələrdə yazılıb. Hadisə sırağagün axşam saatlarında Sumqayıtda baş verib. İki körpə uşaq bulyondan hazırlanmış yeməkdən zəhərlənib. Uşaqların anası qeyd edib ki, uşaqların qidalarını analiz edərək zəhərlənmənin səbəbini tapıblar. Səbəb isə bulyonların istifadə müddətinin başa çatmasına baxmayaraq, satışa çıxarılması olub. Təcili tibbi yardım nəticəsində uşaqların mədələri yuyulub və zəhərlənmənin fəsadları aradan qaldırılıb. Valideyinin bildirdiyinə görə, bulyon Sumqayıt şəhərində yerləşən “Bazar Store” ticarət mərkəzindən alınıb.
Mağazalar şəbəkəsinin piar və marketinq müdiri Günay Növruzqızı cebhe.info-ya bildirib ki, sözügedən məsələ ilə bağlı mağazaya heç bir şikayət daxil olmayıb: “Qayda belədir ki, hər hansı şikayət və ya narahatlıq olarsa, mağazaya müraciət edilir və dərhal araşdırılır. İndiki halda heç bir müraciət yoxdur, lakin buna baxmayaraq, mağazada sözügedən seriyadan olan bütün mallara təkrar baxış keçirilib. Bir daha məlum olub ki, malların saxlanma müddəti ilə bağlı heç bir problem yoxdur. Əgər kimsə belə bir iddia irəli sürürsə, biz onu məsələni araşdırmaq üçün mağazamıza dəvət edirik”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?