Jurnalist Xaqani Səfəroğlunun Feysbuk səhifəsində yazdığı status birmənalı qarşılanmayıb. Məsələ artıq sosial şəbəkələrin müzakirəsindən media qurumlarının gündəminə çevrilib.
Teleqraf.com ilk öncə həmin statusu təqdim edir:
“Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu: qız və oğlan. Ayağını ayağının üstünə aşırmış 16-17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayırdı. Dedim, bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığışdırarlar... Gördüm yox, öpüşmək istəyirlər.
Qışqırıb bir təpik vurdum, dedim, ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da... Utanmırsız?
Qışqırmağımdan elə bil ayıldılar. "Bağışlayn, bağşlayn..." deyə üzrxahlıq etməyə çalışdılar... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May" çatdı. "Çıxın qatardan" dedim... Üzümə baxırdılar. Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin yox!”
Məsələyə ictimai yükü və fərqli mövqeyi olan müxtəlif şəxslərin münasibətini öyrəndik.
Yazar Aysel Əlizadə: “Hegel mütləq ruh nəzəriyyəsini işlədi. Ondan bəhrələnən Nitşe mütləq ruhu üstinsana çevirdi. Mütləq ruh onun üçün üstinsan idi. Marks isə bunun sosial-iqtisadi nəzəriyyəsini yaratdı - mütləq cəmiyyət. Pozitivistlər teoloji cəmiyyəti adlamadan mütləq cəmiyyətə - pozitivizmə, intellektual cəmiyyətə keçməyin mümkün olmadığını deyirdilər. Məncə, biz sütunları işləmələyik. Cəmiyyətin modeli bəlli olmayanda və həmin cəmiyyətdə kimsə bununla məşğul olmayanda mətbuat, ədəbiyyat, elm, fəlsəfə və başqa sahələrdə çalışanlar boş-boş söhbətlər edirlər”.
Şair Aqşin Yenisey: “Mən bu "təpik" məsələsində insan azadlıqları, vətəndaş cəmiyyəti kimi milli şüurumuza yad olan məsələlərin dərinliyinə varmaq istəməzdim, çünki anlamadığımız mətləblərdir. Sadə həyat həqiqətlərinə baxaq.
İctimai yer dediyimiz küçədə, metroda hər gün sevgilisini, arvadını döyən, söyən kişilərə rast gəlirik. Niyə kimsənin səsi çıxmır? Bu ictimai yerdə nəzakətsizlik, tərbiyəsizlik deyilmi?
Bu səhnə qarşısında hamı belə bir öyrədilmiş əxlaqa sığınır ki, özləri bilərlər. Amma həmin ictimai yerdə iki gənc öpüşürsə, bu, artıq ictimai nəzakətsizlik sayılır. Öpüşəcəksənsə, bizdən icazə alacaqsan, qardaşım! Döymək istəyirsənsə, başqa məsələ, bu, sənin öz işindir! Hanı ictimai təəssübkeşlik, səmimilik? Hanı ictimai əxlaq və onun keşikçiləri?
Əgər o epizodda oğlan qıza bir şillə çəksəydi, bizim ağsaqqal dabanına tüpürüb aradan çıxacaqdı. Çünki ictimai yer bizim qorxmadığımz yerdir, harda ki, qorxuruq, orda hər kəs özü bilər...”
Jurnalist Jalə Mütəllimova: “Öpüşmək, sevib-sevilmək gözəl hislərdir. Bəlkə də mən köhnə “xala”yam. Amma müasir gəncliyə bir məsləhətim var. Xüsusi ilə qızlara. Bir oğlan, bir kişi sizi küçədə, metroda, transformatorun yanında yerdə öpməyə və sairə çalışırsa, inanın orda sevgi yoxdur. Adamın məqsədi sadəcə qarşındakını əldə etməkdir...
Həmin vaxt səbirli olmaq olardı. Məsələn, mən reaksiya vermirəm. Çünki insanın seçimi öz həyat tərzi olur”.
Vəkil Əkrəm Həsənov: “Jurnalist Xaqani Səfəroğlunun metroda əxlaqsızlıq edən gənclər haqqında yazdığı status geniş müzakirə olunur. Gəncləri Qərb təcrübəsinə istinadən müdafiə edənlər də var. Mənasız olduğu üçün onlarla mübahisə etmək niyyətim yoxdur, çünki dünyagörüşümüz fərqlidir. Mənim üçün azadlıq ilk növbədə məsuliyyət və heyvanlardan fərqlənməkdir.
Sadəcə hüquqşünas olaraq xatırlatmaq istəyirəm ki, Konstitusiyamızda elə Qərb hüququndan götürdüyümüz "ictimai əxlaq" məfhumu var. Hətta sərbəst toplaşanda və dini mərasimləri yerinə yetirəndə də ona riayət etmək lazımdır. O da ola ictimai nəqliyyatda yol gedəndə.
İctimai əxlaq nədir? Hər bir cəmiyyətin öz ictimai əxlaq normaları var. Qərbin istənilən dövlətində bu normalar qanunda təsbit edilmir, amma məhkəmələr qərar verəndə ona istinad edir, çünki hamıya bəlli bir şeydir. Bizim normalar erkəklə dişinin hamının gözü qarşısında edə bildiyini bəy və xanıma yasaq edir. Bu baxımdan Xəqani bəyin hərəkəti sərt olsa da, əslində ictimai əxlaqın qorunmasıdır.
Hüquqi tərəfdən başqa, məsələnin dini tərəfi də var. Başa düşürəm ki, Azərbaycanda ateistlər, deistlər və bu kimi digərləri də var. Amma müsəlmanlar mütləq çoxluq təşkil edir. İslamın əxlaq normaları isə bəllidir. Eyni zamanda müsəlman bacı və qardaşlarıma belə hallara təəccüblənməməyi tövsiyə edirəm.
Peyğəmbərimiz (s.a.s.) buyurub: “Yer üzündə şər insanlar qalar. Onlar heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar”.
Yazıçı Qan Tural: “Mən "Polis qorxusuyla öpüşmək" kitabını yazan adam necə düşünməlıdirsə elə düşünürəm. Bir anlıq təsəvvür edin, oğlan qızı metroda döyürsə, hamı susur, amma öpürsə, yığışıb oğlanı döyürlər. Hamının anası-bacısı var axı. Amma döyülənin anası yoxdur. Bacısı da yoxdur. Kişi zorakılığından əziyyət çəkən yüzlərlə qadın yetimdir. Bu elə bizim mənzərəmizdir. Bu mənzərəni də öpüşərək pozurlar. Qoymurlar ki, öz zülmətimizdə yaşayaq...”
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova: “Birinci dəfə deyil bu cür hadisə ilə rastlaşırıq. Bulvarda, parkda insanlar bu cür hallarla qarşılaşırlar. Adətən, buna tolerant yanaşırlar. Son zamanlarsa aqressiv reaksiya müşahidə olunur.
Mən statusu oxudum. Metroda öpüşmə olmayıb. Gənclər bir-birilərinə isti münasibət göstəriblər və bu qarşı tərəfi kəskin şəkildə qıcıqlandırıb. Gənclər də hərəkətlərinə görə üzr istəyiblər. Mənə elə gəlir, onlar kifayət qədər tərbiyəli gənclər olublar. Tərbiyəsiz olsaydılar kəskin cavab verərdilər.
Biz hər hansı formada zorakılığı dəstəkləyə bilmərik. Bu tərbiyə metodu deyil”.
Bir maraqlı məqam da var. Çox zaman gənclər isti münasibət üçün daha münasib yer - bulvar və parkları seçirlər. Ancaq bəzən polislər onlara yaxınlaşıb şöbəyə getməli olduqlarını söyləyir və onları qorxudurlar. Polisin belə davranışının qanuni əsası varmı?
Vəkil Xəyal Bəşirov deyir ki, ictimai yerlərdə öpüşən insanlara polisin yaxınlaşmasını zəruri edən hər hansı müddəa yoxdur: “Polislərin bu cür hərəkətləri qanunsuzdur. Bununla bağlı töhmət almış polislər də olub. Qanuna görə, yetkinlik yaşına çatan şəxslər istənilən adamla öpüşə bilər. Əslində qanunla buna görə heç kimi cərimələmək və məsuliyyətə cəlb etmək olmaz.
Amma İnzibatı Xətalar Məcəlləsinə əsasən kimsə cəmiyyətə qəsdən hörmətsizlik edirsə, bunu xırda xuliqanliq kimi qeyd edib, 50-100 manata kimi cərimə etmək olar. Yaxud şəxsi 15 günə kimi həbs etmək olar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?