Köçkün müəllimlər hökuməti ifşa etdi: «Cənab prezident, biz hökumət tərəfindən aclığa məhkum edilmişik»
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanlanmış və bir surəti də «Gündəm-xəbər» qəzetinin redaksiyasına göndərilmiş şikayət ərizəsində bir qrup təhsil işçisi qarşılaşdıqları haqsızlıqlardan söhbət açırlar. Özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış, büdcədən maliyyələşən, orta aylıq əmək haqqı 01 avqust 2011-ci il tarixdən hökumət tərəfindən heç bir istisna hal nəzərdə tutulmadan 65 yaş senzi müqabilində kəsilib verilməyən məcburi köçkün müəllimlərin həmin müraciətini diqqətinizə çatdırırıq: «Cənab prezident, yuxarıda sözügedən məsələ ilə bağlı 19.09.2011, 11.11.2011, 12.12.2011 və 27.03.2012-ci ilə tarixlərində sizlərə rəsmi qaydada müraciət edib yaşayış tərzimizin son dərəcədə ağır olduğu və hökumət tərəfindən aclığa məhkum edildiyimizi diqqətinizə çatdıraraq rica etmişdik ki, bizim acınacaqlı faciələr içində keçən həyatımızı nəzərə alıb hökumət tərəfindən kəsilərək verilməyən orta aylıq maaşımızın ödənilməsinə göstəriş verəsiniz. 27 mart 2012-ci il tarixli müraciətimiz Prezident Adminstrasiyasından əlaqədar aidiyyatı ünvanlara göndərilmişdir və həmin ünvanlarda məqsədə müvafiq tədbir görülmədiyindən yenə də təkrarən sizə müraciət etmək məcburiyyətində qaldıq. Ölkə prezidentinin bizlər haqqında bu və ya digər Fərman, qərar və sərəncamların üzərinə zaman-zaman qara örtük çəkilmiş və yenə də bu tendensiya davam etdirilməkdədir. Belə ki, Azərbaycan Respublikası Qanunu 21 may 1999-cu il N 669-1Q Bakı şəhəri. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 01 iyul 2004-cü il, 24 fevral 2006-cı il. N 373. Azərbaycan Respublikasının Prezidentinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarın 2-ci bəndi, 6 aprel 2012-ci il tarixli 77 nömrəli qərar və s.-də bizlər haqqında rəsmi olaraq heç bir məhdudiyyət qoyulmamışdır. Hökumət sözügedən bu sərəncamlara istinadən 17 may 2011-ci il N127-IV Q tarixli qərarının 10-1.2 bəndinə uyğun olaraq biz 65 yaşlı məcburi köçkün müəllim və həkimləri nəzərə ala bilərdi. Çox təəssüf ki, yuxarıda qeyd etdiyimiz kimi hökumət əks mövqedə duraraq bizlərin faşist daşnaqları tərəfindəndidərgin salındığımızı belə nəzərə almamışdır. Biz 27 mart 2012-ci il tarixdə 18 hökumət strukturna bununla bağlı müraciət etmişdik. Bu strukturlardan hamısı bizə cavab yazsa da yalnız Təhsil Nazirliyindən heç bir səs çıxmamışdır. Təhsil Nazirliyinin bizə qarşı mövqeyindən belə görünür ki, onlar biz məcburi müəllimləri bir vaxtlar «hicab aksiyası» keçirən mollalarla dəyişik salıb hər hansı etiraz aksiyasına və ya başqa neqativ hallara sürükləyirlər. Biz isə öz müəllim adımızın sahibi olaraq dövlət mənafeyini həmişə üstün tutmuşuq və bundan sonra da sözümüzün sahibi olacağıq. Cənab prezident! Məcburi qaçqın və köçkünlərin həyatına qarşı süni şəkildə yaradılmış bir neçə qaranlıq məqamların olduğunu bir daha diqqətinizə çatdırmaq istərdik. Qərbi Azərbaycanlı soydaşlarımızın qaçqın statusu götürüldüyü kimi indi bu əməliyyat bizə qarşı da yönəldilmişdir. Humanitar yardımlar kəsilmiş, kommunal xərclərə görə verilən müavinətlər azaldılmış, idarə, müəssisə və təşkilatlarda işləyənlərin çörəkpulu kəsilmişdir. Yeni doğulan uşaqlar isə köçkün rayonların adına göstərilmir. Yeni evlənənlərin bir məcburi köçkün - digəri məcburi köçkün ailənin övladı deyilsə, onların məcburi köçkün statusu bilərəkdən ləğv edilir. 20 il ərzində köçkünlük şəraitində doğulanlar Qarabağ torpağının nə olduğunu belə bilmir. Gələcəkdə vətən torpağına sahib çıxıb bir lokomativ olaraq gənc nəslə örnək olan yaşlı insanlara isə hər cür maneələr yaradılır. Hökumət 13 mart 2007-ci il tarixdə 50 nömrəli qərar qəbul edərək 1994-cü il 10 may 181 nömrəli qərara xitam vermişdir. Həmin vaxt hökumət tərəfindən bizlərə qarşı görülən bu neqativ tədbir respublika daxilində məcburi köçkün düşmüş 10 rayonun 800 min əhalisi arasında böyük ajiotaja səbəb olmuşdur. Prezident və Prezident Admistrasiyasının müdaxiləsi nəticəsində hökumət yenidən 1994-cü il 10 may 181 nömrəli qərarı 22 avqust 2007-ci il tarixdə 130 nömrəli qərarla bərpa etmək məcburiyyətində qalmışdır. Ölkə prezidenti cənab İlham Əliyev 2012-ci il üçün məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 300 milyon manat ayırmışdır. Belə bir halda hökumət 65 yaş senzini bəhanə edərək son dərəcə ağır bir yükü boynumuza yükləmişdir. Hökumət bizim müraciətlərə cavab olaraq guya «qanun hamı üçündür» deyir. Amma bu qanun bəlli olduğu kimi heç də hamı üçün deyil. Digər bir məqam isə ondan ibarətdir ki, hamının torpağı işğal olunmayıb. Hamıya 60 milyard ziyan dəyməyib. Hamının dədəsinin qəbri düşmən tapdağında qalmayıb. Nəhayət, hamı ahıl vaxtında uşaq bağçalarında, yataqxanalarda, xirxəmilərdə yaşamır. Bu yalnız bizim taleyimizə yazılıb. Keçən bu 20 il ərzində ixtisasımıza ehtiyac olduğu bir halda süni şəkildə bizlərə maneələr yaradılmış və bu səbəbdən işlə təmin olunmamışıq. Fakt kimi göstərə bilərik ki, Sumqayıt şəhərində köçkün rayonların 10-15 orta məktəbinin heç birində və Sumqayıt şəhərinin 48 orta məktəbinin 40-da Əli müəllimin ixtisasında (tarix-ictimaiyyət) müəllim yoxdur. Belə bir halda rəsmi və qeyri-rəsmi olaraq işlə təmin olunmağımız üçün edilmiş müraciətlərimiz nəzərə alınmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitutsiyasının 119-cu maddəsinin yeddinci abzasındakı bizlərə aid olan hüququmuz hökumət tərəfindən bilərəkdən, qəsdən pozulmuşdur». Qeyd edək ki, kiçik ixtisarla dərc etdiyimiz bu müraciəti 30-dan artıq məcburi köçkün olan təhsil işçisi öz imzaları ilə təsdiqləmişdir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Kənan
Sorğu
Yeni dizaynımız necədir?