Mirmahmud Mirəlioğlu: “Hakimiyyətin hikkəsini ağıldan üstün tutacağına inanmıram”
Son günlər müxalifət düşərgəsi Milli Şuranın yaradılması istiqamətində intensiv danışıqlar aparır. Qeyd edilir ki, Milli Şuranın tərkibi mayın 28-də açıqlanacaq. O da, bəllidir ki, hazırda aparılan danışıqların mahiyyəti açıqlanmır və bu prosesdə kimlərin iştirak etdiyi bəlli deyil. Bu il həmdə prezident seçkiləri ilidir. Bir neçə gündən sonra ölkədə yay tətili və mövsümü başlayır ki, bu da siyasi aktivliyin azalması ilə müşahidə olunacaq. Üç aylıq sakit dövrdən bir ay sonra isə prezident seçkiləri keçiriləcək. Bu faktiki olaraq uzunmüddətli sükutdan sonra qəfil seçki keçirmək anlamını verir. Bütün bu məsələlər haqqında prezidentliyə namizədliyini irəli sürəcəyini elan edən KXCP sədri Mirmahmud Mirəlioğlu ilə söhbət etdik. - Milli Şuranın yaradılması üçün aktiv danışıqların getdiyi bildirilir. Bu haqda siz nə düşünürsünüz? - Siz özünüz də bilirsiniz ki, danışıqların aparılması haqqında informasiyalar, Milli Şuranın tərkibindən kimlərin olacağına dair xəbərlər hətta informasiya halında öz təsdiqini tapmadı. Odur ki, bu danışıqlar varmı-yoxdurmu məsələsi dəqiq deyil, habelə bəzən məlumatlar bir-birini təkzib etməsə də, bir-birilə də uzlaşmır. Ortada qeyri müəyyənlik mövcuddur. - Konkret olaraq sizinlə KXCP-nin Milli Şurada təmsil olunması istiqamətində danışıq aparılıbmı? - Azərbaycan media nümayəndələri istisna olmaqla başqa şəxslərlə Milli Şura mövzusunda söhbətim olmayıb. - Siz özünüz də müxalifətin birliyinə dair çağırışlar etmisiniz, daima birlik məsələsini qaldırmısınız. Bəs birliklə bağlı Milli Şuradan kənarda hər hansı bir müzakirə aparılırmı? - Milli Şuranı urvatsız bir hala gətirdilər. Bizim də təklifimiz var idi. İndi hər kəs Milli Şuranın tərkibində özünün yaxınlarından və dostlarından ibarət öz “milli şurasını” qurmaq istəyir. Amma bizim müxalifətin birliyi istiqamətdə olan təşəbbüsümüz qüvvədədir və hər zamanda buna hazırıq. Amma hesab edirik ki, situasiya diktə etməyənə qədər bəzi adamlar bir arada olmaq istəməyəcəklər. Əksinə, bu adamlar indiki situasiyadan ya özlərinin xeyrinə yararlanacaqlar, ya da hammı bir yerdə olub “məni dəstəkləməlidirlər” düşüncəsini orataya qoyacaqlar. Necə ki, bu aş verir. Ona görə də, bizim indiki halda birlik istiqamətində fəaliyyətimiz demək olar ki, Azərbaycandakı partiyalarla müqayisədə daha uğurludur. Məsələn, bizim Məşvərət Məclisində təmsilçimiz var. Eləcədə İctimai Palata və Demokratiya Uğrunda Müqavimət Hərəkatında təmsilçimiz var. Qalan işlərimizi də görürük. Vaxt gözləmədiyinə görə, seçki ili olduğundan və həyat davam etdiyi üçün biz də fəaliyyətimizi davam etdirməkdəyik. Əgər bu istiqamətdə hammı bir arada olacaqsa, hamıdan qabaq da biz bir arada olmağa hazırıq. Bu istiqamətdə fəaliyyətimizi göstərmişik, göstəririk və göstərəcəyik də. Bu sarıdan problem yoxdur. - KXCP-nin eyni vaxtda üç fərqli qurumda təmsil olunması problem yaratmırmı? -Qətiyyən. Heç bir problem yaratmır. - Məşvərət Məclisi bəyan edib ki, Milli Şuranın bu formatda yaradılmasında iştirak etməyəcək. Siz KXCP olaraq bu qərarı dəstəkləyirsiniz? - Bizim Məşvərət Məclisində nümayəndəmiz var və o bütün bu məsələlərdən xəbərdardır. Bizim oradakı nümayəndəmiz Ali Məclisin sədri Bəybala Əbildir. O, bu haqda bizi məlumatlandırıb. Məşvərət Məclisinin bu qərarı çoxluğun qərarıdır və biz ona hörmətlə yanaşırıq. Amma partiya olaraq bizim mövqeyimiz belədir ki, olmayan, amma haqqında böyük səs-küy yaradılan və olacağı da şübhə doğuran bir quruma görə, narahatçılıqların yaşanmasının tərəfdarı deyilik.Ona görə də təbii qarşılayırıq. Bizim konkret mövqeyimiz var. Birliyin necə yaranmasını, Milli Şura haqqında da təklifimizi irəli sürmüşük, bunun reallaşdırılmasının yollarını da açıqlamışıq. Milli Şura ilə bağlı danışıqlar, habelə mətbuatda onun tərkibi haqda siyahılar yayılıb. Yəni bu məsələ bir qədər bayığılaşıb. Buna görə də, KXCP hazırladığı siyahını açıqlamır. Bizim siyahımız Azərbaycan siyasi politirasını 95 faiz əhatə edə bilir. - Bu nə siyahısıdır? - Milli Şuranın necə ola biləcəyinə dair bizim təklifimizdir. Başqa sözlə, biz təklif edirik ki, Milli Şurada bu insanlar təmsil olunsun. - Siyahını niyə açıqlamırsınız? - Siyahını yaxın günlərdə açıqlayacağıq. Hazırda redaktə işləri aparılır, dəqiqləşmələr edilir. İstiqlalçı deputatlardan 13 nəfərinin dünyasını dəyişdiyini bilirdik sonra məlum oldu ki, vəfat edənlərin sayı artıq 15 nəfərdir. Yəni belə dəqiqləşdirmələr aparılmaqdadır. Biz bu işi yekunlaşdırandan sonra təklif etdiyimiz siyahını açıqlayacağıq. Amma biz siyahımızda bir sıra insanların adlarının qarşısında-istəsələr sözünü yazmışıq. Yəni bizim tərəfimizdən Milli Şuranın təxmini tərkibi layihəsi hazırdır. Bizim siyahımızda 125 nəfərin adı var. - Bu Milli Məclisə alternativ olaraq nəzərdə tutulub? - Xeyr. Bu Milli Məclisə alternativ deyil. Əksinə, bu siyahı Milli Şuranın tarixinə, onun mahiyyətinə uyğun olaraq müəyyən edilib. Başqa sözlə, Azərbaycanda birinci və ikinci Milli Şura seçilmişlərdən ibarət olub. 1918-ci ildə Milli Şuraya seçilənlərdən savayı əlavə adlar ediləndə xüsusi olaraq Bakı konfransı təşkil edilib. İkinci Milli Şurada 1990-cı ildə keçirilən parlament seçkilərində səs alan insanlardan ibarət olub. Yəni hər iki Milli Şurada xalqdan mandat alanlar təmsil olunub. Bizim nəzərdə tutdugumuz layihədə də 1991-ci ildə olan istiqlalçı deputatların, 1995, 2000, 2005 və 2010-cu ildə parlament seçkilərində mandat qazanan şəxslərin adı var. Əlbəttə burada həmdə seçkilərdən sonra saxtakarlıqla üzləşən namizədlərin Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək öz haqlarını isbatlayan şəxslərin adları da salınıb. Azərbaycanda ziyalıların da adını siyahıya daxil etmişik. Eləcədə Azərbaycanda heç kəsin gözləmədiyi şəxslərin adı da bu siyahıda var. - Konkret kimlərin? - Bizim adımızı heç vaxt xatırlamayan, siyahısına salınmayan şəxslərin adı var. Onlar heç vaxt xatırlanmırdılar, amma biz onları xatırlamışıq. Başqa sözlə, bu adamar əks düşərgədən olsalar da, 1995 və ya 2000-ci il seçkilərində mandat qazananlardır. Yaxın günlərdə siyahını açıqlayacağıq və sizdə görəcəksiniz. Bizim həm də, yanaşmamız var. Birinci istiqlalçı deputatlar, ikincisi mandat qazananlar, üçüncüsü Avropa İnsan Haqları Məhkəməsində öz hüquqlarını tanıtmağa nail olan insanlar, nüfuzlu insanlar və ziyalılar. Biz bu siyahı haqqında danışandan sonra layihəmiz bir sıra partiyalarda müzakirə edilib və təqdir olunub. Amma gücləri çatmayıb ki, bunun daha dəqiq, məntiqi, elmi, siyasi yanaşma olduğunu qeyd etsinlər. - Siz seçkilərə hazırlaşırsınız. Ancaq qarşıdan üç yay mövsümü gəlir, hər kəs istirahatə gedir, siyasi aktiv hiss olunmur, sentiyabrda aktivlik nisbətən bərpa edilir və oktyabrda seçkilər keçirilir. Bu çətin proses deyilmi? - Əlbəttə, çətin prosesdir. Amma Azərbaycanda dünya dövlətlərinin siyahısındadır. Azərbaycanın cənubda, şimalda, şərqdə, qərbdə qonşuları var. Bizdə də, maraqlı nüanslar var. Məsələn, Azərbaycanda da siyasi ab-hava tədricən İrana oxşamağa başlayıb. İranda da prezident seçkiləridir. Namizədlər qeydə alınaraq araşdırılır və 10 gündən sonrada seçki keçirilir. Başqa sözlə, namizədlər qeydə alınandan 10-15 gün sonra seçki keçirilir və adını da qoyurlar ki, cəmiyyət buna hazırdır, problem yoxdur. Qonşularımızda seçkilərə münasibət bildirərkən onlarda ali dini rəhbərdir, nədirsə buna bənzər bir şeydir. Bizdə də, buna bənzər Prezident Administrasiyası var, onun rəhbəri var. Orda o, bizdə də bu xeyr-dua verir və seçki beləcə qurtarır. Məlum olduğu kimi bizdə artıq seçki kampaniyası 3 həftəyə endirilib. Hər şey də gül kim aydındır. İnsanların başlarını qatmaq üçün kurs götürüləcək, insanları lazımı olmayan məsələlərə cəlb edəcəkələr və s. Birdə görəcəksiniz ki, hər şey qurtarıb. Odur ki, siz haqlı olaraq qaldırdığınız yay mövsümü məsələsi də, əslində buna hesablanıb. Amma biz maksimum şəkildə seçkiyə qədər olan zamandan effektiv istifadə etməyə çalışacağıq. Bizim bu istiqamətdə, qanun çərçivəsində görəcək işlərimiz var, eləcədə cari işləri görürük. Seçkiyə hazırlıq prosesi də gedir və biz bunu qanun çərçivəsində aparırıq. Onu da deyim ki, hakimiyyət artıq seçki təbliğatına başlayıb. Biz bunu televiziya kanallarından görürük. Bir sıra insanlar, tanınmış şəxslər, müğənnilər, şou biznes təmsilçiləri seçki təbliğatı ilə məşğuldur. Hətta AMEA-nın prezidenti də bu şou biznesə qoşularaq seçkilərlə məşğuldur. Bir sözlə hakimiyyətə yaxın olan hər kəs seçkilərlə məşğuldur. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri isə hamından qabaq ortaya düşərək seçkilərlə məşğuldur. Habelə ona aidiyyəti olmayan, gücü çatmayan məsələlərlə maraqlanır. - Ağa, “Gündəm Xəbər” qəzetinin məhkəməyə çəkilməsini, onun təsisçisinin həbsi üçün aparılan işləri necə qiymətləndirirsiniz? - Biz bilirik ki, “Gündəm Xəbər”ə qarşı kampaniya aparılır. Bu açıq-aydın hiss edilir. Əslində burada məqsəd tənqidi mövqedə olan mətbuatın susdurulmasıdır. Hakimiyyətin apardığı kurs bundan ibarətdir. Fikrimcə, bu kurs özünü doğrultmayacaq. Mən inanmıram ki, Azərbaycan hakimiyyəti siyasi sayıqlığını qərəzə qurban verəcək. Yəni özünün hirsini, hikkəsini ağıldan üstün tutacaq. Mən buna inanmıram. Bunu parlamentin sonuncu plenar iclası da göstərdi. Fikir verin, heç kəsin gözləmədiyi halda Oqtay Əsədov bəyan edir ki, Gülüstan sülh müqaviləsinə görə içi yanır. Hətta bir qədər irəli gedərək həbs olunan gənclərin fotolaını yayanlara ar olsun deyir. Yəni bu məsələlərə ayıq baxışdan xəbər verir. Düzdür, Ziyafət Əsgərov bir qədər başqa cür danışır, amma reallığa yaxın danışır. Hökumətin mövqeyini dəstəkləyən deputatların parlamentdə ki, çıxışları qeyri adi çıxışlar idi. Bu hal göstərir ki, bazar ertəsi “Gündəm Xəbər”ə qarşı hökm oxuna bilməz. Ağlı yerində olan hakimdə, prokurorda, sifariş verəndə, habelə ictimai-siyasi sabitliyə görə məsuliyyət daşıyan və vəzifəsinin adı da belə olan Əli Həsənov bunun fərqində olmalıdır. Mütləq bu məsələyə ayıq baxılmalıdır. O cümlədən bu yaxınlarda Aslan İsmayılovla bağlı qəbul edilən qərar var. Əslində bütün bunlar seçkiyə hazırlanan addımlardır. Məqsəd odur ki, baş qarışsın və seçkilər yaddan çıxsın. Birdə görsünlər ki, seçki qutusunu oğurlayıb aparırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?