«Yasamal rayon icra hakimi İbrahim Mehdiyevin jurnalistə qarşı kobudluq etməsi jurnalistin qanuni fəaliyyətinə qəsdən müdaxilə etməkdir. Çünki jurnalist hadisə ilə bağlı ictimai fiqur olan, hadisə ilə bağlı bilavasitə məsul olan şəxsdən konkret olaraq mövqe istəyir. İcra başçısı həm informasiya verməməklə, həm də zorakılıqla qanunları iki qat pozub”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqçünas Ələsgər Məmmədli bildirib.
Ələsgər Məmmədli deyib ki, jurnalistin informasiya almaq hüququ, vəzifəli şəxsin isə informasiya vermək vəzifəsi var: “Vəzifəli şəxs istəniləh halda jurnalistə cavab verməlidir. Məsul şəxslər jurnalsitin sualına operativ şəkildə cavab verməlidirlər. İnformasiya əldə etmək haqqında” qanunda, “Məlumat azadlığı haqqında” qanunda bu məsələlər çox aydın şəkildə göstərilib. Bu cür hərəkət vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edərək törədilirsə, bu addım Cinayət Məcəlləsinin 163-cü maddəsinin 2-ci hissəsi ilə cinayət məsuliyyəti yaradır. Biz çəkilmiş videoda bunu açıq şəkildə görürük. Bu addımı atan şəxs 1 ilə qədər həbs oluna, 3 ilə qədər vəzifə tutmaqdan məhrum edilə bilər. Təbii ki, islah işləri də nəzərdə tutulub. Hadisə ilə bağlı prokurorluq iş başlatmalıdır. Mövzu ilə bağlı başqa maraqlı məqam da var. Polis məmuru da durub, o da qanunu qorumaq yerinə həmin hadisəni görməzdən gəlib icra başçısı ilə bərabər addımlayır və jurnalist təhqir olunur”.
Ələsgər Məmmədli bildirib ki, bu cür hərəkətlər edənlər çəzalanmasa, qınanmasa, işdən azad olunmasa vəziyyət daha da ağır duruma gəlib çıxacaq: “Bunlar olmayacaqsa, bu artıq bir daha onu göstərəcək ki, bu ölkədə qanunlar yoxdur, adamlar qanundur. Bu isə daha böyük problemlərin, daha böyük fəlakətlərin baş verməsi üçün çağırış olacaq. Əgər bir ölkədə, bir toplumda qanun işləmirsə, hərə öz hüququnu öz bildiyi vasitə ilə axtarmağa çalışacaq. Belə olan halda nə baş verəcəyini təsəvvür etmək çətin deyil. Buna görə də qanunu pozan, jurnalistin qanuni peşə fəaliyyətinə mane olan, ona qarşı kobudluq edən şəxslər məsuliyyət daşımalıdır”.
Xatırladaq ki, dünən Sovetski sakinləri Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına salınmış "Hacı Cavad" məscidinin sökülməsinə etiraz ediblər. Hadisə yerinə gələn Yasamal rayonun icra başçısı İbrahim Mehdiyev ondan açıqlama almaq istəyən jurnalistlərdən birinə qarşı kobudluq edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?