Bahar Muradova: “Biz onları bu sessiyada sevincdən məhrum elədik”
“Elə indicə ATƏT PA-nın 26-cı illik sessiyasının son iclasında yekun bəyannamə səsə qoyuldu. İsvec nümayəndəsi Kristian Xolmsun hazırladığı və İnsan hüquqları komitəsində müzakirə zamanı ziddiyyətli şəkildə qəbul olunmuş Sərqi Avropada vəziyyətə dair qətnamə layihəsi səsvermə nəticəsində rədd edildi”.
Bununla bağlı Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova social şəbəkədəki statusunda yazıb.
O, qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin digər həmkarlarımızla birgə işi öz səmərəsini verdi: “PA-nın tarixində ilk dəfə baş verən bu hadisədə Azərbaycan nümayəndə heyətinin apardığı iş cox böyük əhəmiyyət kəsb edir. Bu işdə əməyi olanlara dərin təşəkkürümü bildirirəm. Xalqımızı isə ürəkdən təbrik edirəm".
Qeyd edək ki, bir gün öncə ölkə mediasında Azərbaycan ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəklədiyi xəbəri yayılmışdı. Belarus mətbuatına istinad edən mediamız yazmışdı ki, Anti-Azərbaycan qətnaməsinin lehinə 31, əleyhinə isə 17 nümayəndə səs verib. 17 nəfər bitərəf qalıb. Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” bildirilirdi.
Musavat.com-un əməkdaşı hazırda Minskdə olan Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə əlaqə saxlayıb təfsilatı ilə məlumat alıb.
Xanım vitse-spiker bildirib ki, komitə toplantısında ziddiyyətli qərar qəbul olunmuşdu: “Amma plenar iclasda Minsk bəyannaməsi səsə qoyularkən sənəd rədd edildi. Prosedura görə, komitələrdə qəbul olunmuş sənədlər sonda plenar iclasda səsə qoyulur”.
B.Muradova burada nümayəndə heyətinin çox gərgin əməyinin olduğunu bildirdi: “Biz bu günlər ərzində çox gərgin işlədik. Müəllifin özü ilə birhə işləməyə çalışdıq. Amma çalışmalar səmərəsiz oldu, o, özü heç bir kompromisi qəbul etmirdi. İstənilən halda bizə lazım olan nəticəni əldə etdik”.
Komitə səsverməsində Azərbaycana qarşı olan qüvvələr plenar iclasın səsverməsi zamanı hansı mövqedən çıxış edib? Səsvermənin yekunu necə olub?
B.Muradova bunları söylədi: “Əlbəttə ki, bu məsələdə maraqlı olan digər ölkələr də hər cür vasitə ilə bu sənədin qeyri-peşəkar, qeyri-obyektiv və qərəzli hazırlandığı barədə digər həmkarlarımı inandırmağa səy göstərirdilər. Ancaq İsveçrə nümayəndəsi xanım açıq şəkildə etiraz etdi. Səsvermə zamanı lehinə və əleyhinə olanlar bərabər idi. Bitərəf qalanları da üzərinə gəlsək, demək olar ki, sənəd prosedura görə tələb olunna üçdə iki faiz səsi ala bilmədi. Nəticə belə oldu: lehinə - 43, əleyhinə-43, bitərəf-28”.
Ermənistan mediası xüsusilə də Alxanlıdakı qətliamdan diqqəti yayındırmaq üçün Azərbaycana qarşı Minskdəki komitə iclasında qəbul olunan qətnaməni geniş şəkildə tirajlayır, manşetlərə daşıyırdı. Ancaq son qərar onları pis vəziyyətdə qoyub. Üstəlik, Azərbaycan nümayəndə heyəti 2 yaşı Zəhranı, onun nənəsini qətlə yetirdiyinə görə Ermənkistanı sərt şəkildə ittiham etməklə yanaşı, sessiya iştirakçılarının da bu vandalizmi lənətləməsinə nail oldu. B.Muradova bu barədə danışarkən “biz onları bu sessiyada sevincdən məhrum elədik” deyə bildirdi.
"Dünən ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycan əlehinə olan qətnamə layihəsini müzakirə etmiş və Plenar iclasa tövsiyyə etmişdi. Bu gün ATƏT PA-nın Minskdə keçirilən yay sessiyasının Plenar İclasında bitərəfli və qərəzli qətnamə böyük səs çoxluğu ilə rədd edilib. Bu, Azərbaycan nümayəndə heyətinin apardığı gərgin iş sayəsində mümkün olub". - Bu haqda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev də öz twitter hesabında yazıb. Azay Quliyev bu işdə əməyi olan həmkarlarına təşəkkür edib./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?