Müdafiə nazirliyində şok sktruktur islahatları gözlənilir
Azərbaycan Silahlı Qvvələri Baş Qərargahı səlahiyyətlər baxımından Müdafiə Nazirliyi sistemindən xeyli ayrılmalıdır. Bu barədə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkili hesab edir ki, Baş Qərargahın yüksək status əldə etməsi ordu quruculuğu sahəsində keyfiyyət dəyişikliyinə səbəb ola bilər. O qeyd edib ki, orduda hüquqi məsələləri bərqərar etmək üçün bir sıra tədbirlər görülməlidir. "İlk növbədə, 110 mindən artıq kontingentin dövlətin büdcəsinə ağırlığını nəzərə alaraq və bu prosesdə şəffaflıq elementlərinin genişlənməsi naminə Azərbaycanın hərbi vəzifələri, bu bölgənin reallığı, müharibə şəraitinə baxmayaraq, hansı dəyişikliklərin edilməsi mümkünlüyünü araşdırmaq lazımdır", - o bildirib.Millət vəkili qeyd edib ki, Azərbaycanın ordu quruculuğunun Avropa sisteminə daha çox inteqrasiya etməsinə ehtiyac var. "Baş Qərargahın yüksək status alması təlimat sisteminin yeniləşdirilməsi, şəffaflıq, hüquqa dayanıqlı tədbirlərin görülməsinə şərait yaradacaq", - Oruc vurğulayıb. Deputat görüləcək tədbirlər sırasında vətəndaşın hərbi sistemə hazırlanması, psixoloji adaptasiyanı sürətlə keçməsi məsələlərinə diqqətin artırılmasını da vurğulayıb. Hərbi ekspert Üzeyir Cəfərov da Trend-ə bildirib ki, NATO standartlarının tətbiqi ilə bağlı gələcəkdə Müdafiə Nazirliyi və Baş Qərargahın səlahiyyətləri ayrılmalıdır. "Ordunun döyüş hazırlığına, Silahlı Qüvvələrə nəzarəti Baş Qərargah həyata keçirməli, Müdafiə Nazirliyi isə güc strukturlarının hökumətdə lobbiçisi kimi çıxış etməli, onların maraqlarını müdafiə etməli və narahat edən məsələləri qaldırmalıdır", - Cəfərov deyib. Eyni zamanda ekspert bildirib ki, bu məsələ yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra həyata keçirilə bilər. Cəfərov qeyd edib ki, bu gün əsas vəzifə münaqişənin həlli istiqamətində mövcud struktur daxilində bütün gücün birləşdirilərək səfərbər olunmasıdır. “Xəbər xidməti”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?