Artıq qurumdan çıxanların sayı 10-u haqlayıb Yazıçılar Birliyindən qopmalar davam edir. Şərif Ağayarın birlikdən kənarlaşdırılmasından sonra ona dəstək verənlər biri-birinin ardınca bu təşkilatı tərk edir. Artıq Yazıçılar Birliyindən çıxanların sayı 10-u haqlayıb. Qurumu sonuncu tərk edənlərdən biri də Aysel Əlizadədir.
Məsələyə yazıçı Anarın reaksiyası da ortalıqdadır. Anar “Şərif Ağayarın Yazıçılar Birliyindən çıxarılmasını repressiya kimi qiymətləndirənlər qələt edir, başını divara döyür” kimi sərt bir bəyanatla çıxış edib. O deyib ki, repressiya Sərif Ağayarın Fikrət Qocanı təhqir etməsidir: “77 yaşlı insan haqqında ölüb demək repressiya deyil? Bu alçaqlıq nümunəsidir, alçaq adamlarlasa məhz bu cür rəftar etmək lazımdır. Alçaqların Yazıçılar Birliyində yeri yoxdur”.
Şərif Ağayar isə ANS-ə açıqlamasında Anarın bəyanatına diqqət çəkərək belə bir sual verib. “Təhqiri edən kimdir? Anar, yoxsa, yarızarafatla “Fikrət Qoca hələ ölməyib” deyən mən? Kahin kimi toplaşıb insanın müqəddəratını onların xəbəri olmadan həll etməyə nə ad vermək olar? Yadınızdadırsa, Rafiq Tağı ilə bağlı da belə etdilər, Əkrəm Əylisli ilə bağlı da”.
Fikrət Qoca isə əlbətdə ki, rəhbərliyində təmsil olunduğu qurumu müdafiə edir. Onun fikrincə, cavan yazarlar hər şeydə qara axtarırlar: “Bir-iki nəfər ağzına gələni deyir Anara. Anar qədər hansı çalışıb? Hansı əsəri yazıblar? Deyirlər ki, Anar özünü təbliğ edir. Anarın gördüyü işlərin yüzdə birini onlar görməyiblər”.
Xatırladaq ki, yazıçı Şərif Ağayar mətbuatda “Fikrət Qoca hələ ölməyib, yaşayır?” dediyi üçün onu katibliyin qərarı ilə Yazıçılar Birliyinin üzvlüyündən azad ediblər. Bundan sonra 10-a yaxın gənc yazar etiraz əlaməti olaraq qurumu tərk edib və yazarlar arasında söz davası başlayıb. Təəssüf ki, bu davadan qazanan nə yazarlarımızdır, nə də ədəbiyyatımız.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?