“Zaur Qurbanlı talassemiya daşıyıcısıdır. Atasında bu xəstəlik olduğu üçün o da talassemiya xəstəsi kimi qeydiyyata düşüb”. Bu barədə açıqlamanı AzNews.az-a Penitensiar Xidmətin informasiya şöbəsinin rəhbəri Mehman Sadıqov deyib. O, həbsdə olan talassemiya xəstəsi N!DA-çı gənc Zaur Qurbanlının səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib. M.Sadıqov deyib ki, Z.Qurbanlı iyunun 5-də saxlandığı Kürdəxanı həbsxanasında həkim müayinəsindən keçib: “İyunun 5-də həkimlər Z.Qurbanlını hərtərəfli müayinə ediblər. O ultrasəs müayinəsindən keçirilib. Həkimlər onun orqanizmində heç bir anormallıq müşahidə etməyiblər. Dalağının həcmi normal səviyyədədir. Talassemiyalılar üçün əsas göstərici olan qandakı hemoqlobinin səviyyəsi də normal olub”. N!DA-çı gəncin təcridxanada mütəmadi olaraq müayinədən keçirildiyini deyən M.Sadıqov bildirib ki, bununla belə, Z.Qurbanlı hüquqlarından istifadə edib, şəxsi vəsaiti hesabına başqa həkimlər tərəfindən də müayinə oluna bilər: “Qanunda da yazılıb ki, şəxs öz hesabına yenidən müayinə oluna bilər. Ancaq təcridxananın mütəxəssisləri də müayinədə həmin həkimlə birgə iştirak etməlidirlər”. Z.Qurbanlının saxlanma şəraitinin dəyişdirilməsinə və ya onun tibb məntəqəsinə köçürülüməsi məsələsinə də toxunan Penitensiar Xidmət rəsmisi deyib ki, bu, mümkündür: “Ancaq burada həkimlərin rəyinə əsasən hərəkət edilə bilər. Z.Qurbanlını müayinə edən həkimlər onun tibb məntəqəsinə köçürülməsi və ya saxlanma şəraitinin dəyişdirilməsi barədə rəy verəcəyi halda qanuna əsasən, bu proses həyata keçiriləcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?