Kənd təsərrüfatı naziri Qubada vətəndaşları qəbul edib
«Şabran» Aqroservis müdiri kimdir?... - Bahadur... Bahadur... - Adə, gəl çıx yuxarı da, mən səni axtarmalıyam, aaa??? - Şabran rayonunun nə qədər rəhbər işçiləri var, çıxsın yuxarı... - Siyəzənin rəhbər işçiləri kimlərdir? - Burdayıq. - Gəlin çıxın oturun zalda... - Seyfulla, gəl...
İyunun 14-də Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinin qarşısında bir vur-çatlasın vardı ki, gəl görəsən. Kənd Təsərrüfatı naziri İsmət Abasov Qubada fermerləri qəbul edirdi.
"MEYVƏNİN YALNIZ 25 FAİZİNİ SATA BİLİRİK"
Rayon sakini Sahil Muxtarov nazirin yanına rayonda bağçılıq sahəsinin inkişaf etdirilməsi xahişi ilə gəlmişdi. O, müasir bağların salınmasını, suvarma sisteminin yaradılmasını və ərazidə emal müəssisələrinin artırılmasını istəyir: "Köhnə bağlardır. Gübrə, peyin, dərman hesabına dolanırıq, təzə bağlar salıb müasir suvarma sistemi tətbiq edə bilmirik. Düzdür, dövlət texnika verir, ancaq pulunu ödəyə bilmirik. Yetişdirdiyimiz meyvənin yalnız 25 faizini sata bilirik. O da ki, çox aşağı qiymətə. Gəliri heç dərman, texnika xərclərini ödəmir".
Fermer bağları suvarmaq üçün su anbarlarının olmamasından da şikayətçi idi: "Ona görə də məhsuldarlığın səviyyəsi ildən-ilə aşağı düşür. Bax, indi su israfçılıqla axıb gedir, ancaq iyul-avqust aylarında qəhətə çıxacaq. Su anbarı tikilsə, Qubanın, Xaçmazın suvarma əraziləri üçün ehtiyat su olar".
"TOMAT, KOMPOT, ŞİRƏ SEXLƏRİ AÇILSIN"
Həzrətqulu Əkbərov isə «Quba» Menecer Mərkəzinin rəhbəridir, nazirin görüşünə rayonun iqtisadiyyatının inkişafı ilə bağlı təkliflərlə gəlmişdi: "Məsələn, Qubanın Qonaqkənd zonasının torpaqlarından səmərəli istifadəsi üçün müəyyən təkliflərim var. Texnika, gübrə, toxum, dərmanlama işlərini nəzərdə tuturam".
Xaçmazın Qaradağlı kəndindən olan Kərim İsayevin də nazirə təkliflər vardı: "Gəlmişik deyək ki, mümkündürsə, bizim ərazilərdə kiçik tomat, kompot, şirə sexləri açılsın".
"XƏTRİNƏ DƏYƏN OLSA, MÜTLƏQ DE"
Nazir qəbul etdi, dinlədi, tapşırıqlarını verdi. Məsələn, bir fermer mövsüm vaxtı sahəyə çıxartmağa texnika tapmamaqdan gileylənirdi.
Nazir İsmət Abbasovun cavabı: "Problemin həllini tapmayanadək işçilərimdən əl çəkmə. Arada 1 həftə olmayacam, 10 gündən sonra səni özüm xəbər alacam» - masa arxasında əyləşmiş işçisini fermerə göstərir - «Əl çəkməyəcəksən bu kişidən. Xətrinə dəyən olsa, mütləq de".
Sonra yenə üzünü işçisinə tutur:
- Sonra deyirsən ki, pulu yığa bilmədik. Kişi nağd pulla gəlir, xidmət göstər də... Harada pul problemi olsa, həll edin. Heç bir servisdə pul problemi olmamalıdır. A kişi, dövlət sənin üçün idarə yaradıb, gətirib səni bura müdir təyin eləmişik, camaat işsizdir. İşlə, camaata xidmət elə də...
Rəis:
- Baş üstə.
Nazir üzünü yenə şikayətçi fermerə tutur:
"Oldu... Bax, sənin zəngini gözləyəcəm" - dəftərcəsinə işarə edir - "Adını da yazmışam bura - Ağarzayev Ağalar. 10 gündən sonra səni özüm də axtaracam".
İsmət Abasov bir neçə saat ərzində xeyli fermer qəbul etdi, işçilərinə tapşırıq, fermerlərə vədlər verib Qubadan getdi.
İyunun 21-də isə şimal bölgəsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gedəcək. Şikayətləri dinləmək üçün.
Sorğu
Yeni dizaynımız necədir?