Sürüşən qaya parçaları Qusar-Sudur yolundan istifadə edənlərə təhlükə yaradıb
Qusarın dağlıq kənd yolunda uçqun qeydə alınıb. Sürüşən qaya parçaları Qusar-Sudur yolundan istifadə edənlərə təhlükə yaradıb.
Son günlər yağan aramsız yağışlar nəticəsində yolun üst, yəni qayalıq hissəsində iri qaya daş parçaları yola düşüb və bunun nəticəsində Sudur, Quxur kəndlərinə, həmçinin, Dövlər Sərhəd Xidmətinin sərhəd zastavasına gedən yol təmamilə bağlanıb. Amma sakinlər alternativ yoldan istifadə edirlər.
Sürüşmə baş vermiş əraziyə dərhal Qusar Fövqəladə Hallah Komissiyasının sədri və üzvləri gəlib. Yerli icra nümayəndəsi İkram Əsədov bildirir ki, bu yol sürüşməyə olduqca meyillidir və bu hal mütəmadi olaraq müşahidə olunur: “Bu ərazidə 63-cü km-də körpünün yanında sürüşmə olmuşdu. Bu dəfə hadisə iyun ayının 14-də baş verib. Bir dəfə yol bağlandı və daxili imkanlardan istifadə edərək yerli camaatın köməyi ilə yolu açdıq. Ayın 15-dən başlayaraq, bu proses davam etdi. Ümumiyyətlə, ərazimizdə tez-tez sürüşmələr olur”.
Bundan əlavə, Qusar-Sudur yolunun 60-cı kmdə yerləşən -1988-ci ildə inşa edilmiş körpü də intensiv yağışların gətirdiyi selə davam gətirməyib bərbad vəziyyətə düşüb, körpünün sağ dayaq hissəsi uçub dağılıb. Həmin ərazilərə FHN-nin yerli komissiya üzvləriylə yanaşı, Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzinin əməkdaşları da baş çəkib.
Qusar FHK-nın sədri bu körpünün və uçquna məruz qalmış yolun bərpasını hökumətin maddi köməyi sayəsində mümkün sayır: “Körpü məsələsində bununla əlaqədar biz dərhal hadisə baş verən kimi FHN-nin Xaçmazda şimal mərkəzinə məlumat vermişik. Bu körpüdə işlərin həcmi həddindən artıqdır. Bizdəki texnika ilə orada iş görmək qeyri-mümkündir. Bu dövlət səviyyəsində həll olunmalı məsələdir”.
Qeyd edək ki, komissiya sədrindən aldığımız məlumata görə, artıq yol qaya parçalarından təmizlənərək açılıb. Amma yağışların yenidən yağacağı təqdirdə sürüşmənin yenidən baş verəcəyi və yolun bağlanacağı istisna olunmur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?