Keçən ayın ortalarında - iyunun 14-də üzü maskalanmış 4 nəfərin silahlı basqınına hücumuna məruz qalmış tanınmış teleaparıcı İlham Mirzəyevin işi barədə Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.Özü və ailəsi ölümlə hədələnən teleaparıcı Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna müraciət etdiyindən məlum hadisə aidiyyatı qurumları nəzarəti altındadır.
Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev dərhal yaşadığı ərazidəki Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, iş hadisənin baş verdiyi Yasamal Rayon Polis İdarəsinə göndərilib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu deyib. Teleaparıcı bununla yanaşı ölkə başçısına və dövlətin hüquq-mühafizə orqanlarına müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib.
İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qaldığı bildirilir. Qarşı tərəf bundan qəzəblənərək teleaparıcını cəzalandırmağa qərar verib.
Qeyd edək ki, 47 yaşlı İlham Mirzəyevin 10 və 2 yaşlarında iki övladı var. Yaşananlar üzündən qorxu və təşviş içində olan ailə yaşadıqları evi tərk etməyə qorxurlar. Bir sözlə, ailə ev dustağına çevrilib.
Xatırladaq ki, Azərbaycanın tanınmış teleaparıcısı İlham Mirzəyev axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıb. İlham Mirzəyev yaşadıqlarından şoka düşüb. Bu zaman yaxınlıqda olan şəxslər, aparıcıya yardım göstəriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?