«Xaçmaz rayonunda kriminal hadisələrin sayı artıb. Rayonumuzda cinayət hadisələrinin bu şəkildə intensiv xarakter alması hər kəsi qorxudur. Törədilən qətllərin, soyğunçuluq faktlarının çoxunun üstü açılmamış qalır. Cinayətkarların tutularaq məsuliyyətə cəlb edilməməsi rayon ərazisində kriminogen durumun nəzarətdən çıxmasına səbəb olub». Bu sözləri Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) fəaliyyətindən narazılıq edən şəxslər redaksiyamıza verdikləri açıqlamalarda bildirdilər.
Polis rəisinin təzyiqlərindən ehtiyat edərək adlarının mətbuatda yazılmasını istəməyən şəxslərin sözlərinə görə, Şəhriyar Şəmşirli RPŞ-yə rəis keçəndən bəri rayon polisi iş rejimini dəyişməli olub. Belə ki, əgər köhnə rəisin dövründə polis əməkdaşları bütün günü cinayətkarların axtarışına çıxırdılarsa, sabitliyin qorunması üçün çalışırdılarsa, hazırda bu istiqamətdə zəruri işlər görülmür: «Statistikaya əsasən, rayonda son vaxtlar cinayət hadisələrinin sayı xeyli artıb. Bu özünü həm törədilən ağır qətllərdə, oğurluq hadisələrində, həm də narkotik maddələrin satışı ilə bağlı olan işlərdə büruzə verir. Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Xaçmaz polisi isə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmir. Oğurluq baş alıb gedir, camaatın mal-qarasını oğurlayırlar, evini yarırlar. Amma cinayəti törədən şəxslər tapılmır. Onları tapmaq bu qədərmi çətin işdir? Oğurluğa məruz qalanlar çox yerlərə şikayət edirlər. Nə xeyri var? Polis rəisi şikayət edən insanlara deyir ki, gedin haqqınızı başqa qapıda axtarın, mən sizə kömək edən deyiləm. Polisdən başqa bu kimi işlərdə səlahiyyətli orqan varsa, desinlər biz də işimizi bilək. Bir çox hallarda qanunları pozan şəxsləri saxlayıb sonra yenidən buraxırlar. Qanun cinayətkara müvafiq cəzanı verməyi nəzərdə tutursa, niyə bunu icra etmirlər? Dəqiq faktlar var ki, cinayətə əl atan şəxsi nəyinsə müqabilində sərbəst buraxırlar. Bu da rayon sakinləri arasında polisə qarşı olan inamı sarsıdır». Mənbəmiz deyir ki, son üç il ərzində Xaçmazda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər daha da aktivləşib. Onların sözlərinə görə, RPŞ-nin sabiq rəhbərinin vaxtında rayona narkotacirlər ayaq basa bilməzmiş: «Rəis dəyişəndən sonra sanki narkotik biznesi ilə məşğul olan şəxslər Xaçmazda qol-budaq atmağa başladılar. Camaatın balasını yoldan çıxarıb zəhərləyirlər.
Gənclərin yetərli bir hissəsi narkotik maddələrin aludəçisinə çevrilib. Onları bu yoldan döndərmək üçün nə qədər cəhd etsək də, faydası yoxdur. Rəis şöbənin işçilərinə tapşırıb ki, narkotik maddə satan şəxsləri yaxalasanız, heç nə etməyin mənim yanıma gətirin. O, həmin şəxsləri özü qəbul edib «şərtlərini» çatdırır. Bu «şərtləri» qarşılayanlar həbs edilmirlər. Ancaq kimlər ki, etiraz edir, onların işini dərhal məhkəməyə göndərirlər.
Buna görə də sıravi polis əməkdaşları narkotacirləri yaxalamağa o qədər də həvəs göstərmirlər. Biz dədə-babadan görmüşük ki, polis törədilmiş cinayətləri açır, cinayətlərin qeydiyyatını və uçotunu aparır, cinayətkarları aşkara çıxarır, onları tutur, səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparır, müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış tədbirlərini həyata keçirir. Bəs, Xaçmaz polisi niyə buna əməl etmir? Polis əməkdaşları vəzifələrinə uyğun olmayan işlərə baş qoşurlar. Bizim tələbimiz odur ki, rayonda kriminogen durum nəzarət altına götürülsün. İnsanlar hər dəqiqə nəysə xoşagəlməz hadisənin baş verəcəyi qorxusu ilə yaşayırlar. Xahiş edirik ki, bizi bu bəladan xilas etsinlər»
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?