“Verdiyim bəyanatın arxasında dururam, bundan sonra da Kamandar Nəsibov adlı vəkilim yoxdur”
“Azadlıq” qəzeti ilə əlaqə saxlayan Hüseyn Abdullayev isə Kamandar Nəsibovun dediklərini qətiyyətlə inkar edib. Keçmiş millət vəkili bildirib ki, verdiyi bəyanatın arxasında durur və orada yazılanların hamısı bilavasitə ona məxsus fikirlərdir. “O bəyanat mənə məxsusdur, orada yazdığım bütün sözlərin də arxasında dururam” deyən Hüseyn Abdullayev bundan sonra Kamandar Nəsibov adlı vəkilinin olmadığını da vurğulayıb.
Bir neçə gün əvvəl bəyanat verərək ona qarşı edilən təzyiqlərin başında ölkə rəhbərliyinin dayandığını açıqlayan və konkret adlar çəkən sabiq millət vəkili Hüseyn Abdullayevin sözügedən bəyanatının saxta olması haqda məlumatlar yayılıb.
Bu barədə Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov AzNews.az-a açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, beynəlxalq axtarışa verilmiş Hüseyn Abdullayevin bir neçə gün əvvəl mətbuatda yayılan bəyanatı saxtadır və onun bu bəyanatdan xəbəri yoxdur:
O, qeyd olunan bəyanat yayıldıqdan sonra H.Abdullayevla əlaqə saxladığını və keçmiş millət vəkilinin bunu inkar etdiyini deyib: “Bəyanatda elə şəxslərin adı çəkilib ki, Hüseyn Abdullayev onlarla bağlı heç bir fikir səsləndirməyib. Bu məsələnin prezidentlə, birinci xanımla nə əlaqəsi var? Problem var, mülki məsələdir və qanunla həll ediləcək. Maraqlıdır ki, kimsə Hüseyn Abdullayevin adını bilərəkdən müxalifətlə birgə hallandırmaq istəyir. Guya onun ailəsinə qarşı da cinayət işi açılıb, yaxud əlində ifşaedici materiallar var. Bunlar heç bir əsası olmayan məlumatlardır və Hüseyn Abdullayevin o bəyanatdan ümumiyyətlə, məlumatı yoxdur. Çünki mən ondan məsələ qanuni yola həllini tapana qədər mətbuata heç bir açıqlama verməməsini istəmişdim. Birdən-birə belə bir bəyanatın ortaya atılması Hüseyn Abdullayevin ailəsini də qəzəbləndirib. Anası hazırda mənim yanımdadır və bəyanatı qətiyyətlə inkar edir. Onlar da Hüseyn Abdullayevlə əlaqə saxlayıblar. Sabiq millət vəkili ailəsinə də belə bir bəyanat vermədiyini bildirib”. Qeyd edək ki, sabiq millət vəkilinə məxsus olan bəyanatın yayımlandığı “musavat.com” saytının redaktoru Xalid Kazımlı da məsələyə münasibət bildirib. Redaktor “Qafqazinfo”ya açıqlamasında belə deyib: “Təki işləri düzəlsin, nə istəsələr deyə bilərlər…”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?