Vətəndaşlar polis idarəsini karantin zonasına bənzədir
Sumqayıt Şəhər Polis İdarəsinə vətəndaşların müstəqil surətdə girişi ilə bağlı ciddi problemlər mövcuddur. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Sumqayıt Şəhər Polis İdarəsinin giriş-çıxışı o qədər ciddi nəzarətə götürülüb ki, vətəndaşlar müstəqil şəkildə dövlət idarəsinə daxil ola bilmir: “Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyev ictimaiyyət arasında kifayət qədər yüksək imicə malik olsa da, idarənin bəzi yetkililəri tətbiq etdikləri qaydalarla vətəndaşların narazılığına səbəb olur. Bunlardan biri hər hansı bir problemlə əlaqədar olaraq polis idarəsinə üz tutan şəxsin girişdə polis əməkdaşları tərəfindən əngəllənməsidir. Belə ki, hər hansı bir vətəndaşın içəri daxil olması üçün hökmən idarənin hansısa əməkdaşının girişdəki polis əməkdaşlarına telefonla zəng edib məlumat verməsi lazımdır. Əgər vətəndaşın içəri girməsini təmin edən belə bir tanış mövcud deyilsə, o zaman polis idarəsinə üz tutan şəxs dərdini deyəcək adam tapmaq üçün elə giriş qapısının astanasındaca saatlarla gözləməli olur. Şəhər sakinləri hesab edir ki, polis idarəsi digər dövlət qurumları kimi heç kimin şəxsi mənzili və ya özəl mülkü olmadığı üçün, kimsənin dövlət müəssisəsinə girişə bu şəkildə qadağa qoyması düzgün deyil. Vətəndaşların sözlərinə görə, bu cür qadağalar adətən karantin zonası və məxfi obyektlərdə tətbiq olunur ki, Sumqayıt Şəhər Polis İdarəsi hələ ki, bu cür özəl statusa malik deyil. Sakinlərin fikrincə, polis idarəsinə daha sərbəst giriş təmin edilməli, insanlarla şübhəli şəxs qismində davranmağa son qoyulmalıdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?