Təbrizin mərkəzi həbsxanasında saxlanılan 5 tanınmış azərbaycanlı siyasi fəal iyulun 13-dən etibarən aclıq aksiyasına başlayıb.
Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə Təbriz İnqilab Məhkəməsi tərəfindən 9 il müddətinə verilən həbs cəzasına etiraz əlaməti olaraq bu aksiyaya başlayıblar. Bu barədə HRAZ saytına milli –mədəni fəalların ailə üzvləri məlumat verib. Duman Savalan (Səccad Radmehr) bildirib ki, aksiya qərarın ləğv edilməsinə qədər davam edəcəkdir.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib.
Qərar Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?