İtaliyanın “Todini” şirkəti ötən aydan işləri tam dayandıraraq Azərbaycanı tərk etməyə hazırlaşır.
Bu barədə virtualaz.org saytına Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov bilgi verib.
E.Məmmədovun sözlərinə görə, Dünya Bankının maliyyə dəstəyi və “Azəryolservis” ASC-nin sifarişi ilə Ələt-Astara yolunu inşa edən şirkət layihənin icrasına 2011-ci ildən başlayıb. Müqaviləyə əsasən tikinti işləri 01.02.2015-ci il tarixdə başa çatmalı idi: “Bu gün Ələt-Astara avtomobil yolunu inşa edən, ötən aydan fəaliyyətini dayandırmış İtaliyanın “Todini” şirkətinin Salyanın Çuxanlı kəndində yerləşən düşərgəsində oldum. Əvvəlcə düşərgəyə işlədikləri vaxtların haqq-hesabını almağa gəlmiş sürücülərlə görüşdüm. Onlar iş yerlərini iyunun 20-də itiriblər. Salyandakı kütləvi işsizlik fonunda güclə iş yeri tapmış sürücülər çox bədbin idilər. Dediklərinə görə, səbirsizliklə yeni şirkətin yolunu gözləyirlər ki, bəlkə işə düzələlər. Amma bu, elə də az vaxta başa gəlməyəcək. Çünki “Todini” Azərbaycanla tamam üzülüşdükdən sonra yeni şirkətin işə başlaması üçün tender elan olunacaq. Tenderdə qalib gəlmiş şirkətin işə başlaması isə gələn ilin may ayından tez olmayacaq”.
E.Məmmədov “Todini” rəsmisindən İtaliya şirkətinin sentyabradək Azərbaycandan çıxacağını da öyrənib: “Ona görə də işlər tamamılə dayandırılıb. Şirkətdə 600 nəfər işçi çalışırdı. Onun da 480 nəfəri salyanlı idi. Salyan şəhərindəki evlərdə isə 20 nəfərə yaxın “Todini” işçisi şəraitdən asılı olaraq bir ayı 500-1000 manata kirayədə yaşayırdı. Bu da yerli əhalinin dolanışığına müsbət təsir göstərən amil idi. ”Todini” rəsmisi şirkətin Azərbaycandan köçməsinin səbəbini sifarişçi “Azəryolservis” ASC ilə aralarında yaranmış problemlərlə izah etdi. Belə ki, iş prosesində sifarişçi qurum tikilən körpülərin yükgötürmə gücünü artırmaq üçün xarici şirkətə layihədə nəzərdə tutulmayan əlavə işlər gördürüb. Amma sonradan həmin işlərə sərf olunmuş əlavə vəsait “Todini”yə ödənilməyib”.
Birlik sədrinin sözlərinə görə, digər mühüm amil isə yol çəkmək üçün bitum çatışmazlığıdır: “Belə ki, layihədə 1 tonunun qiyməti 160 manat olan bitumu Azərbaycanda almaq mümkün deyil. Rusiyadan daşınan bitumun 1 tonu isə 500 manata başa gəlir. Amma mən başqa mənbələrdən fərqli məlumatlar əldə etdim. “Todini”nin bitumun Azərbaycandakı monopoliyasından təngə gələn rəhbərliyi Rusiyadan bitum gətirmək üçün müqavilə bağlayıb. Bu da yuxarılarda qəzəblə qarşılanıb. Bundan başqa, yol çəkilişinin ən çətin işləri arxada qalıb. Əsasən asfaltlama işləri qalıb. Bu işlərdə isə daha çox mənimsəmə halları olur və yeyinti daha böyük rəqəmlərlə ifadə olunur. Odur ki, “Todini” sıxışdırılaraq çıxarılır. Digər bir səbəb isə odur ki, Almaniyanın “Kocks Gmbh” şirkəti tərəfindən düzgün layihələndirmə aparılmadığından Salyanın Xurşud kəndində keçmiş qobudan keçən ərazidə yol 40-50 sm çöküb. İllik çökmə norması isə 10-12 sm-dir. Amma bütün səbəblərdən asılı olmayaraq nəticə odur ki italyanların 2 illik Salyan səfəri başa çatdı”.
Xatırladaq ki, “Azəryolservis” ASC-nin sədri deputat Cavid Qurbanovdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?