Vaqif Əhmədov Tovuzun Qovlar kəndində yaşayan keçmiş bir sahibkardır. «Qaynar xətt»ə deməsinə görə, 2001-ci ildə icarə müqaviləsi ilə Qovlar bələdiyyəsinin yararsız torpaqlarından 65 hektar torpaq sahəsini uzunmüddətli icarəyə götürüb. 2002-ci ildə həmin torpağa şəhadətnamə də alıb. Növbəti il təsərrüfatı böyütmək üçün Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən, «Turan» bankdan 50,000000 (10.000 AZN) manat kredit götürüb. Torpaq sahəsində 2006-cı ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub:
«65 baş iri mal-qaram, 150 baş qoyunum, 12 hektar yonca sahəm olub. Əkinçiliklə də məşğul olmuşam. Şəxsi vəsaitim hesabına kubik daşından 420 kv metrlik mal-qara ferması tikmişəm, artezian quyusu qazdırmışam, 2,5 km məsafədən yüksək gərginlikli elektrik xətti, yollar çəkdirmişəm. Dərə-təpədən ibarət yararsız torpaqları yararlı hala salmışam. Ancaq bütün bunları edəndən sonra torpaqları saxta məhkəmə qərarları ilə əlimdən aldılar. Məhkəmələrdəki süründürməçilik, qanunları pozma halları, hakimlərin özbaşınalığı nəticəsində 2006-cı ildə müflisləşdim. Sahibi olduğun «Orxan KTM» MMC-nin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldım».
Keçmiş sahibkarın deməsinə görə, o dərəcədə müflisləşib ki, «Turan» banka olan 2.000 manat kredit borcunu da ödəyə bilmir: «Bank yaşadığım evi əlimdən almaq üzrədir».
«KOMPENSASİYALARIMIZI BELƏ MƏNİMSƏDİ»
Sahibkar müflisləşməsinin səbəblərindən də danışır:
«2003-cü il ildə Bakı-Tbilisi-Ceyhan neft-qaz boru kəmərləri çəkilməyə başlananda məlum oldu ki, mənim icarəmdə olan torpaq sahəsi də kəmərlərin ərazisinə düşür. Buna görə mənə kompensasiya ödənilməli idi. Ancaq Sürəyya İsmayılova adlı qadın mənim almalı olduğum 18500 min manat məbləğində kompensasiyanı saxta məhkəmə sənədləri ilə ələ keçirdi. Həm də tək mənim yox, başqa bir neçə nəfərin torpağının kompensasiyasını saxta sənədlərlə aldı».
TORPAQLAR KiMiN OLUB?
Sürəyya İsmayılova isə bildirib ki, kəmərlər keçən ərazilər 1996-cı ildə ona icarəyə verilib. Həmin torpaq sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bir neçə nəfər, həmçinin Vaqif Əhmədov onun icarəsində olan torpaqlara iddia edəndə məhkəməyə müraciət edib. Torpaqların uzunmüddətli öz icarəsində olduğunu təsdiqləyən sənədlər təqdim edərək kompensasiyaların ona ödənilməsinə nail olub. Sürəyya İsmayılova başqa ittihamları da təkzib edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?