Yasamal rayonu Mirəli Seyidov küçəsi 14 mənzil 2-də yaşayan Gəray Əşrəfov Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkənin direktoru Xəndam Əhmədovdan şikayətçidir. Bu barədə redaksiyamıza şikayətçi özü məlumat verib. G. Əşrəfov bildirib ki, 2009-cu ildə Sumqayıt bələdiyyəsindən 1hektar 200 sot torpaq icarəyə götürüb: “Torpağı icarəyə götürməkdə məqsədim fermer təsərrüfatı ilə məşğul olmaq idi. Həmin fermada tövlələr tikdirmişəm. Torpağı hasara çəkmişəm. Sahəyə getmək üçün yol çəkdirmişəm. Fermerlər üçün bir otaqlı ev də tikdirmişəm”. Onun sözlərinə görə, 2011-ci ildə “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə” MMC-nin direktoru Xəndam Əhmədov qeyri-qanuni əsaslarla ona məxsus olan torpağa sahib çıxmaq istəyib: “Bizim sahənin yaxınlığında X. Əhmədovun da 40 sot torpağı var. Dəfələrlə qanunsuz şəkildə həmin torpaqdan çıxmağımı tələb edib. Bir gün gördük ki, iki torpaq sahəsi arasında olan hasarı söküb. Mənim torpağımı da öz sahəsinə qatıb. Qapı qoyub. Bütün bu işləri bizim xəbərimiz olmadan edib”. Şikayətçi bu hadisədən sonra X. Əhmədovu məhkəməyə verib: “Mənə deyir ki, hansı məhkəməyə versən də, xeyri yoxdur. Mən pul verib həmin məhkəməni udacam. Ən son olaraq Avropa Məhkəməsinə müraciət etmişik. “Azerenerji” ASC-nin sədri Etibar Pirverdiyevə də müraciət etmişik: “Deyir mən heç nə edə bilmərəm. Birinci qrup əliləm. Qarabağ müharibəsi veteranıyam. Üç uşağım var. Ailədə heç kim işləyir. Kirayədə yaşayırıq. Vaxtilə özüməməxsus olan evimi sataraq həmin fermer təsərrüfatına yatırmışdım. Xəndam Əhmədovun bu qanunsuz əməlləri dəfələrlə mətbuatda da işıqlandırılıb. Amma hələ ki, müsbət nəticəsi yoxdur”. N.KƏRİMLİ
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?