22 iyul Mətbuat Günündə ölkə başçısı İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama görə tikilən binada ev ala bilməyən "Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı ev alan baş redaktorlardan birinin evini zəbt edəcək. 14 ildir kirayədə yaşayan Aygün Muradxanlı "Facebook” səhifəsində belə yazib:
"Ramilin baltasını, Gülər Əhmədovanın atvyorkasını götürüb gedirəm jurnalistlərin binasına. Mənim mənzilimi kim hansı region TV-nin operatoruna, ömründə bir dənə xəbər yaza bilməyənə satıbsa, bilmirəm. İnşallah, ziyanını min qat artıq canından çəkər. Ancaq mən Bakının, Şəkinin, İsmayıllının... mənzərəli məkanlarında 3-4 mərtəbəli villası olan redaktorlardan birinin o binadakı evini zəbt edəcəm. Onsuz da xəbərləri olmayacaq. Onlar orda yaşayandı? Hünəri var, kimsə məni ordan çıxarsın. Məndən söyləməsi”.
Jurnalist daha sonra yazır ki, bütün qadın redaktorlar jurnalistlərin ev məsələsində özlərini əks cinsdən olan xeyli redaktordan daha yaxşı apardı: "Vüsalə Mahirqızı da, Xoşqədəm Hidayətqızı da, Aynur Camalqızı da, digərləri də. Nə ev almaq üçün ərlərindən boşandılar, nə utanmaz-utanmaz evsiz işçilərinin yanında öz adlarını siyahılara soxuşdurdular. Hətta ev istəməyən baş redaktorlara da ev veriblər - düz 32 nəfərə. Etiraz edənlər səs-küy salmasınlar deyə, iyulun 22-də ikinci binanın təməlinin qoyulacağı söhbətini atıblar ortaya. Lap yaxşı, o zaman redaktorlar niyə 2 il yeni binanı gözləmədilər? Olmazdımı ki, bu ölkədə 1 dəfə prezidentin sərəncamı yazıldığı kimi yerinə yetiriləydi? Xanım baş redaktorları bu biabırçılığa etiraz eləməyə və evli-eşikli baş redaktorlara peşkəş edilən mənzillərin ehtiyacı olan jurnalistlər arasında paylanması təşəbbüsü ilə çıxış etməyə çağırıram”.
Məlumata görə, Aygün Muradxanlının ölkə başçısına müraciətindən sonra başqa bir neçə jurnalist də bu təşəbbüslə çıxış etmək haqda düşünür.
Mia.az-ın xəbərinə görə, artıq narazı jurnalistlər təşkilatlanır. Onların yaxın günlərdə haqqı pozulan jurnalistlərlə birlikdə komitə yaradacağı və birgə mətbuat konfransı keçirəcəkləri də günün maraqlı mövzularındandır.
Sorğu
Yeni dizaynımız necədir?