Aygün Muradxanlı: “Hamımız illərdir ki, media aləmindəyik. Kimin nəyinin olub-olmadığını yaxşı bilirik. Baş redaktorların bu evlərdən birini alması biabırçlıqdır”
Milli Mətbuat günündə dövlət tərəfindən 155 jurnalistə ev verildi. Ev alan jurnalistlər arasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin də olması ev ala bilməyən media nümayəndələri tərəfindən böyük qınaq və etirazla qarşılandı. Sosial şəbəkələrdə ev ala bilməyən jurnalistlər tərəfindən Rəşad Məcidin ünvanına günlərdir sərt tənqidlər səsləndirilir. Bir neçə gündür susqunluğunu pozmayan Rəşad Məcid özü haqqında deyilən fikirlərə münasibət bildirdi. Baş redaktor virtualaz.org-a açıqlamasında barəsində tənqidi fikirlər səsləndirən media nümayəndələrinə az qala od püskürdü: “Mənim əleyhimə danışanlar orta məktəbə gedəndə jurnalistlərə ev verilməsi məsələsini ilk dəfə mən qaldırmışam. 2001-ci ildə Heydər Əliyevin yanında çıxış edərkən demişdim ki, jurnalistlərin aldıqları məvaciblə ev alması xəyaldır və bununla bağlı tədbirlər görmək lazımdır. Bundan sonrakı bütün çıxışlarımda da bu məsələni qaldırmışam. O zaman dövlətin imkanları yaxşı deyildi. Amma indi jurnalistlərə ev verilir. Dövlətə də 5-6 il bundan qabaq müraciət etmişdim ki, mənzilə ehtiyacım var. Dünən ortaya çıxan və saytlara bir-iki yazı yazan jurnalistlər deyirlər ki, burada haqsızlıq var. Mən inanıram ki, onlar yaddaşsızlıq xəstəliyinə tutulublar. Keçmişdən xəbərləri yoxdur. 20 ilin redaktorunun ev almasına normal baxıram”. Rəşad Məcid ona verilən evi oğlu üçün aldığını da gizlətmədi: “Mənim üç oğlum var. Mənim oğlum məni tənqid edən jurnalistlərin saytından da məşhur bir neçə saytın rəhbəridir. 7 illik jurnalist fəaliyyəti var. O, müraciət edə bilmədi. Mən müraciət etdim. Sentyabrda oğlumun toyudur. Aldığım evdə də oğlum yaşayacaq”. Baş redaktor haqqında tənqidi fikirlər səsləndirən və haqsızlıq etdiyini deyən jurnalistlərə mesaj da göndərdi: “Hökumətdən daha iki ev almağı nəzərdə tuturam. Onu da gözləsinlər. Yenə müraciət edəcəm. Mənim aldığım evlə bağlı neqativ fikirlər aşılayanlara da nifrət edirəm. Belə insanların son zamanlar məkrli, kinli fikirlər səsləndirməsinə görə çox pessimist olmuşam”. 2 il sonra jurnalistlər üçün tikiləcək növbəti binadan 240 jurnalistə evin veriləcəyini deyən Rəşad Məcid vurğuladı ki, Azərbaycanda bu evlərə layiq olan 240 jurnalist yoxdur: “Mən müraciət edəcəm ki, 10 il jurnalistika sahəsində fəaliyyət göstərmək məsələsi qüvvədə qalsın. Hansısa bir sayt açırlar, bir-iki status yazırlar, deyirlər bəlkə jurnalistdirlər. Haqqı olmayanlar başlarından yekə arzulara düşürlər”. “Yeni Müsavat” qəzetinin əməkdaşı, tanınmış jurnalist Aygün Muradxanlı “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin açıqlamasına münasibət bildirib. Aygün Muradxanlı açıqlamasında Rəşad Məcidə öz məsləhətlərini verdi: “Bakıda tikilən yeni binaların 10 faizi Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna verilir. Dövlət isə həmin evləri istədiyi şəxslərə verir. Rəşad Məcid də icra hakimiyyətinə müraciət edərək həmin evlərdən ala bilər. Mənə elə gəlir ki, o, 240 nəfər jurnalist üçün tikilən evlərin siyahısına da adını yazdırmalıdır. Sonra bəlkə gec olar. Rəşad Məcid deyir ki, evi oğluma almışam. O biri iki oğluna da sayt açsın. Növbəyə dursun, onlara da ev alsın. Biz yəqin jurnalist deyilik. Onun oğlu 7 il jurnalist işləyibsə, mən isə 23 il işləmişəm. O, jurnalistdirsə, bəs mən kiməm? Onun ehtiyacı olan oğlu varsa, bizim evdəki uşaqlarımız dovşandır? Redaksiyasında uşaqlarının dolanışığı ilə bağlı ciddi problemləri olan, aldığı maaşın 70 faizini kirayəyə verən işçiləri olan bir baş redaktor o evi almamalı idi”. A.Muradxanlı bildirdi ki, Rəşad Məcidin nəvələri üçün də evi var: “Hamımız illərdir ki, media aləmindəyik. Kimin nəyinin olub-olmadığını yaxşı bilirik. Baş redaktorların bu evlərdən birini alması biabırçlıqdır”. A.Muradxanlı “jurnallistlərə ev verilməsi məsələsini mən qaldırmışam” deyən Rəşad Məcidə cavabında isə söylədi ki, bu məsələni onlar qaldırıb: “Hökumətlə danışıqlara getmişik, Mətbuat Şurasına müraciət etmişik. Jurnalistlərə ev verilməsi məsələsinin dövlət səviyyəsinə qaldırılmasında bizim rolumuz böyük olub. Amma indi baxırıq ki, 155 jurnalist arasında 30-35 nəfər ehtiyacı olan jurnalistə ev verilib. Onların hamısını təbrik edirəm. Bu evlər onlara ana südü kimi halaldır. Ev alanların siyahısında elə jurnalistlər var ki, ən son yazıları 5 il, 2 il əvvəl çıxıb. Yelena Sideronka jurnalistdirsə, biz kimik?! Rəşad Məcidin bu hərəkətindən sonra çoxlu sayda oxucu üçün “525-ci qəzet” bitdi”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?