“Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi daim gündəmdə olan məsələdir. Yeni dərs ilində yerlərdə təhsilin keyfiyyətinin monitorinqini aparıb təhlil etmək və konstrukriv təkliflər hazırlamaq nəzərdə tutulur”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib.
Məlumatda həmçinin bildirilib ki, ümumtəhsil məktəblərində formativ qiymətləndirmənin aparılması və nəticələrin ayrıca jurnalda qeydiyyatının aparılması şagirdlərin inkişaf tempinin izlənməsi baxımından çox əhəmiyyətlidir.
“Hazırda formativ qiymətləndirmə jurnalı xeyli təkmilləşdirilmişdir və çox güman ki, müəllimləri qane edəcək”.
Nazirlik eyni zamanda müəllimlərin əmək haqlarının artırılması ilə bağlı verilən suallara da cavab verib.
“Ümumilikdə müəllimlərin əməkhaqqı barədə məsələ hazırda təhsil konsepsiyası və strategiyası çərçivəsində müzakirə olunur. Nəticəyönümlü, kompetensiya əsaslı, diferensial əmək haqqı və mükafatlandırma sisteminin yaradılması nəzərdə tutulur”.
Nazirlik eyni zamanda ev tapşırıqlarının çox olması məsələsinə də aydınlıq gətirib.
“Ev tapşırıqlarının həcminin çoxluğuna gəlincə isə, bildiririk ki, bu kurikulumla bağlı deyil. Əslində, müasir tələb bundan ibarətdir ki, evə tapşırıq aşağı siniflərdə ya heç verilməsin, ya da çox az həcmdə verilsin. Çünki təlim materialları , əsasən, sinifdə mənimsənilməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?