Suriyada hökumət qüvvələrinə qarşı döyüşən azərbaycanlılar bura Azərbaycandan, Əfqanıstandan və Şimali Qafqazdan gəliblər
Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edir.
APA-nın Suriyadakı cihad qruplarına məxsus saytlara istinadən verdiyi məlumata görə, indiyədək bu ölkədə gedən döyüşlərdə 30-dan çox azərbaycanlı həlak olub.
Suriyada xarici ölkələrdən ən çox mücahid Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Əfqanıstan və Rusiyanın Şimali Qafqaz regionundandır.
Suriyada hökumət qüvvələrinə qarşı döyüşən azərbaycanlılar bura Azərbaycandan, Əfqanıstandan (Taliban sıralarında döyüş keçmiş) və Şimali Qafqazdan (Rusiyaya qarşı döyüşənlər) gəliblər. Onların hansı yollarla bu ölkəyə aparıldığı dəqiq bilinməsə də, müxtəlif təriqətlər vasitəsilə cəlb edildikləri barədə gümanlar var.
Azərbaycanlıların böyük əksəriyyəti «Ceyş əl-Mühacirin vəl-Ənsar» diversiya qrupunda cəmləşiblər. Qrupun əmiri azərbaycanlı Əbu Yəhya adlı biridir.
Əbu Yəhya mücahidlərə bağlı internet saytlarında və «Youtube» üzərindən yayılan video müraciətlərdə azərbaycanlı sələfiləri Suriyada Bəşər Əsədə qarşı silahlı mübarizədə iştiraka çağırır.
O, Suriyadakı döyüşlərdə azərbaycanlı mücahidlərin həlak olduğunu da ifadə edir.
Videogörüntülərdə onun müxtəlif silahlardan, xüsusilə də tank əleyhinə idarə olunan və idarə olunmayan komplekslərdən peşəkarcasına istifadə etdiyi görünür.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev APA-ya açıqlamasında bildirmişdi ki, Azərbaycan tərəfi Suriyada öldürülən, azərbaycanlı olduğu iddia edilən şəxslərin vətəndaşlığını aydınlaşdırmaq üçün səy göstərəcək. E. Abdullayevin sözlərinə görə, Azərbaycanın Suriyadakı səfirliyində konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının hamısı ölkədə vəziyyət gərginləşdikdən sonra buranı tərk edib. O, Suriyada yaranmış vəziyyətlə əlaqədar öldürülən şəxslərin milliyyətini və vətəndaşlığını müəyyənləşdirməyin çətin olduğunu vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?