Son günlər mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilmiş “İlahi məxluq” filminin baş qəhrəmanlarından biri, xalq artisti Nurəddin Mehdixanlı Modern.az-a açıqlama verib. N.Mehdixanlı aktrisa Vəfa Zeynalova ilə çəkildiyi erotik kadrlarla bağlı bunları deyib:
“Hər kəs öz səviyyəsinə, intelektinə, ağlına, anlayışına görə fikir yürüdə bilər. Bu, onların haqqıdır. Peşəkar iş haqda peşəkarlar danışmalıdır, diletantlar yox.
Söhbət ondan gedir ki, ortalıqda bir film var. Yavər Rzayevin çəkdiyi “İlahi məxluq” filmi mənimçün çox maraqlı və ciddi bir işdir. Bu film Gürcütanda keçirilən Azərbaycan kino günlərində yerli kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib”.
Aktyorun sözlərinə görə, fillmin qış çəkilişləri Qubanın Qalaxudat kəndində, yay çəkilişləri isə Yardımlıda - Sarıbulaq yaylaqlarında baş tutub.
Xalq artisti “Vəfa Zeynalova ilə olan erotik kadrlar neçə dubla çəkilib” sualına “filmin ayrı-ayrı kadrları haqda danışmaq istəmirəm” deyərək cavab verib:
“O kadr haqda danışmaq istəmirəm. Bu gün Azərbaycanda xalqımızın taleyi ilə bağlı kifayət qədər ciddi məsələlər var. O məsələlər müzakirə olunmalıdır. “İlahi məxluq” filmini hədəf almaq lazım deyil”.
Xatırladaq ki, Vəfa Zeynalova da mətbuata verdiyi açıqlamada həmin kadrlarda qəbahətli bir şeyin olmadığını bildirib, hətta əsəbiləşib “çəkilmişəm, əcəb eləmişəm” deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?