Cinayət işi insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar açılıb İnsan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri, Obolon rayon məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.
Trend-in məlumatına görə, məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədi ilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Kiyev şəhərinin Obolon rayon məhkəməsinin Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardadın çıxarılması ilə bağlı Ukrayna Baş Prokurorluğu tərəfindən məlumatlandırılıblar: "Həmin sənəd Ukrayna Baş Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?