ANS PRESS Dənizkənarı Milli Parkda qiymətləri araşdırıb.GÜNDƏM XƏBƏR .az həmin araşdırmanı təqdim edir.
Şahin Məmmədov Rusiyada yaşayır. 2-3 ildən bir ailəsini götürüb Azərbaycana gəlir ki, uşaqlar öz doğma vətənlərini unutmasınlar. Hər dəfə uşaqlarını Bakı Bulvarında gəzməyə aparan ailə başçısı qiymətlərin bahalığından şikayətlənir: “Biz adətən axşamlar bir neçə saatlıq bura gəlirik, amma çay içmirik. Çayın qiyməti elə bahadır ki, bu bizim büdcəmizə uyğun gəlmir. Bir çaynik çay sifariş veririk, bir də görürük ki, çaydan əlavə istəmədiyimiz şeylər də gətirilib. Qaytarmaq da olmur. Deyirlər ki, mütləq almalısız. Sonda da 20-25 manat hesab gətirirlər. Hələ bu çay puludur. Kafelərdə qiymətlər lap kəllə-çarxa çıxır.”
Bakı bulvarının reallığı ilə yerində tanış olmaq üçün Dənizkənarı Milli Parka üz tutduq. Müşahidə apardığımız bir saat ərzində bulvarda ailəvi istirahətə gələnlərin sayının kifayət qədər çox olduğunu gördük. Buranın daimi müştərilərinin sözlərinə görə, gündüzlər bir stəkan çay 2-3 manata satılırsa, axşamlar kafelərin çoxunda stəkanla çay satılmasına rast gəlmək mümkün deyil. Əgər bu bir nəfərlik çay zövqə görə mürəbbə ilə gətirilirsə, o zaman qiyməti 5-6 manata çatır. Bulvarda çay dəstgahının qiyməti isə 20-25 manatdır. Dəstgaha çay, mürəbbə, qoz-fındıq, şokolad və s. daxildir. Araşdırmalarımızdan məlum oldu ki, Milli Parkda ailəvi nahar etmək istəyənlər isə sifariş verdikləri yeməkdən asılı olaraq ən azı 100 manat pul xərcləməli olacaqlar.
Ümumiyyətlə, Dənizkənarı Milli Parkda qiymətlər şəhərin digər yerlərindən 2-3 dəfə bahadır. Məsələn, dondurmalar 70 qəpikdən 7 manata qədər dəyişir. Ən çox satılan 0,5 litrlik sular isə 50-60 qəpikdir. Şəhərin digər yerlərində isə bu sular 20 qəpiyə satılır. Uşaqların ən çox istədikləri popkorn isə 1 manatadır.
Bundan başqa, bulvardan ən çox narazılıq edənlər bura körpə uşaqla dincəlməyə gələnlərdir. Analar övladları üçün uşaq qidalarının satılmamasından şikayətlənirlər. Sovet dövründə “Ana və uşaq” adlı yeməkxanalar var idi. Həmin yeməkxanalarda körpələr və azyaşlı uşaqlar üçün yeməklər hazırlanırdı. Hazırda bulvar ərzaisində hər şey satılsa da, körpə uşaqların yeyə biləcəyi qidalar tapılmır. Əslində bura gələnlər içərisində uşaqlı ailələrin çox olduğunu nəzərə alsaq, belə kafelərin olmasının kafe sahibləri üçün də əlverişli olduğunu düşünmək olar. Əksər valideynlər də bu səbəbdən bulvara istirahətə getmək üçün uşaqlarının böyüməsini gözləyirlər.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, əslində şəhərin digər yerləri ilə müqayisədə bulvarda qiymətlər cüzi fərqlənə bilər ki, bu da məhsulun daşınma xərcləri ilə bağlıdır. Kafe və çayxanalarda qiymətlərin süni şəkildə şişirdilməsinə gəlincə, N. Məcidov bunu insan faktoru ilə əlaqələndirir: “Biz bütün satıcılara tapşırırıq ki, qiymətlər başqa yerlərə nisbətən çox fərqlənməsin. Qiymətlərdəki fərq yalnız cüzi olaraq hiss oluna bilər. Bu xidmətlə bağlı, məhsulun bulvara gətirib çıxarılmasına çəkilən xərclər, kirayə haqqı və s. ilə əlaqədardır. Əslində restoran və kafelərin girəcəklərində menyudakı yemək və qiymətləri yazılmalıdır. Əgər qiymət qoyulmursa, alıcı qiymətin yazılmasını tələb etməlidir. Bu, Bulvar İdarəsinin günahı deyil, bu satıcıların günahıdır. Bu gün kafedə, restoranda kimisə aldadırlarsa, bu insan faktorudur.”
Bulvarda körpələr və azyaşlı uşaqlar üçün yemək verilən kafelərin olmamasına gəlincə, N.Məcidov bunu elə də böyük problem saymır: “Ana uşağını yedizdirmək istəyirsə, özü ilə yemək götürə bilər. Hazırda nəyə daha çox təlabat varsa, o da bulvarımızda var”.
İqtisadçı ekspert Vüqar Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, Dənizkənarı Milli Parkda qiymətlərə Bakı Bulvar İdarəsi və İqtisadi İnkişaf Nazirliyi nəzarət edir. Ekspertin sözlərinə görə, Milli Park ölkənin qiymətlərə görə ən bahalı yeridir: “Araşdırmamız göstərir ki, Gürcüstanın Batumi şəhərinin bulvarında qiymətlər buradan iki dəfə aşağırıdır. Türkiyənin İstanbul şəhərində 1,5 dəfə ucuzdur. Bura regionun ən bahalı bulvarıdır. Buradakı qiymətləri başqa yerlərlə müqayisə etmək belə mümkün deyil.”
Ekspert hesab edir ki, bu obyektlər özəl şirkətlərə məxsus olsa da, ölkə qanunvericiliyi süni qiymət artımını qadağan edir. Vüqar Bayramovun sözlərinə görə, Milli park adından da göründüyü kimi milli olduğu üçün əhali üçün əlçatan və gəlir səviyyəsinə uyğun olmalıdır.
Ekspert hesab edir ki, İqtisadi İnkişaf Nazirliyi bu ərazidə yoxlama aparmalı və qiyməti süni şəkildə qaldıranlara sərt cəza tədbirləri görməlidir: “Əgər qiymətlər süni şəkildə artırılıbsa, bu halda cərimələr müəyyən edilməlidir. Belə hallar təkrar olunursa, o zaman həmin ticarət obyektləri bağlanmalıdır.”
Bulvar İdarəsi də burada bəzi tədbirlər həyata keçirə bilər. Vüqar Bayramovun sözlərinə görə, İdarə obyektlərin icarə xərclərini azaltmaqla qiymətləri aşağı sala bilər. Lakin daha çox bu məsələdə İqtisadi İnkişaf Nazirliyi cavabdehdir.
İqtisadi İnkişaf Nazirliyindən Milli Park ərazisində qiymətlərə nə dərəcədə nəzarət olunduğunu öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Görünür, hələ də orta statistik azərbaycanlı üçün Bakı Bulvarında üzü Xəzərə sarı əyləşərək çay içmək əlçatmaz arzu olaraq qalacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?