Məktubda jurnalistə qarşı davamlı şantaj və təhdidlərdən bəhs olunur Bir qrup beynəlxalq hüquq müdafiə təşkilatı araşdırmaçı jurnalist Xədicə İsmayılova ilə bağlı prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova məktub göndərib. Məktubda jurnalistə qarşı davamlı şantaj və təhdidlərdən bəhs olunur.
“Azadlıq” radiosunun məlumatına görə, məktubu bu qurumlar imzalayıb: Article 19 (19-cu Maddə), Civil Rights Defenders (Mülki Hüquqların Müdafiəçiləri təşkilatı), Human Rights House Foundation (İnsan Hüquqları Evi Fondu), Human Rights Watch (İnsan Hüquqlarına Nəzarət), International Media Support (Beynəlxalq Media Dəstəyi), Media Diversity Institute (Media Fərqliliyi İnstitutu), Norwegian Helsinki Committee (Norveç Helsinki Komitəsi), Open Society Foundations (Açıq Cəmiyyət İnstitutları), PEN International (Beynəlxalq Yazarlar, Şairlər, Esseçilər təşkilatı), People in Need Organisation (Yardıma Ehtiyacı olan İnsanlar) və Reporters without Borders (Sərhədsiz Reportyorlar)
Məktubu imzalayanlar Xədicə İsmayılovaya qarşı yönələn təhdidlərlə bağlı çevik, hərtərəfli təhqiqat aparılmasını, eləcə də jurnalistin şəxsi həyatının toxunulmazlığının pozulması üzrə hazırda gedən istintaq işinin səmərəliliyinin təmin edilməsini istəyiblər.
Məktubda qeyd olunub ki, yüksək ranqlı hökumət məmurlarının biznes holdinqləri və korrupsiya iddiaları üzrə araşdırmalar aparan jurnalistə qarşı ötən ilin martından şantaj kampaniyası başlanıb, onun gizli videoları yayılıb: “Hakim partiyaya yaxın olan qəzetlər 2013-cü il boyunca İsmayılovaya qarşı intim xarakterli videolara istinadlar etməklə, bu videoların yerləşdirildiyi internet səhifələrinin linklərini çap etməklə, eləcə də İsmayılovanın özü və ailə üzvləri barədə yalanlar yazmaqla qaralama kampaniyasını davam etdirib. Bütün bunlarla bağlı İsmayılova Azərbaycan məhkəmələrində öz hüquqlarının bərpasına nail ola bilməyib”.
Sorğu
Yeni dizaynımız necədir?