Nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” ASC-nin sədri, deputat Cavid Qurbanov bu gün - avqustun 20-də Masallıda səfərdə olublar. Nazirin və onun tabeliyindəki qurumun sədrinin cənub bölgəsinə səfəri ayrı-ayrı nazirlik və dövlət komitələri sədrlərinin bölgələrdə əhali ilə artıq sistematik xarakter alan görüşləri çərçivəsində həyata keçirilib. Qeyd edək ki, prezidentin tapşırığına əsasən nazirlərin və komitə sədrlərinin bölgələrə səfəri və orada yerli əhali ilə görüş qrafiki tərtib edilib. Onlar öncədən təyin olunmuş vaxtlarda nəzərdə tutulan rayonlara getməli və əhali ilə görüşərək onların problem və şikayətlərini dinləməlidirlər. Səfərə qədər isə yerli icra strukturları həmin görüşlərə hazırlıq işləri ilə məşğul olmalıdır. Kənd icra nümayəndələrinin vasitəsilə yerli sakinlərə bu barədə öncədən məlumat verilməli, şikayəti olan və görüşə qatılacaq vətəndaşların siyahısı əvvəlcədən tutulub razılaşdırılmalıdır və s.
Z.Məmmədovla C.Qurbanovun səfəri də bu qəbildən bir vizit olub. Amma maraqlısı budur ki, Masallı camaatı nazirin bu səfəri barədə öncədən məlumatlandırılmayıb. Bunu virtualaz.org-a açıqlamalarında Masallı sakinləri deyiblər.
Onların sözlərinə görə, nəqliyyat naziri rayona haradasa xəlvəti, tez-tələsik gəlib və eləcə də qayıdıb: “Ziya Məmmədovla Cavid Qurbanov bu gün - avqustun 20-də saat 13-də Masallı olimpiya-idman kompleksində olub. Amma yerli sakinlərdən heç kim bu görüş barədə heç nə bilməyib. Bunun da adını nazirin Masallı və ətraf rayonlardan Astara, Lənkəran, Yardımlı, Lerik və Cəlilabad sakinləri ilə görüşü qoyublar. Yerli sakinlərdən orada kimin iştirak etdiyi bəlli deyil. Ziya Məmmədov yalnız yol təmir-tikinti sahəsində çalışan 100-dək işçisini kompleksə yığaraq onların qarşısında çıxış edib. 5-6 nəfər də nazirə sual verib, cavab alıb. Bununla da görüş başa çatıb. Nazir rayona səssizcə gəldiyi kimi sakitcə də çıxıb gedib. Bunu bizə həmin görüşdə iştirak edən yol təmirçilərindən biri dedi”.
Sorğu
Yeni dizaynımız necədir?