Qəbul imtahanlari zamani orta məktəbi fərqlənmə ilə bitirərək qızıl və gümüş medal alan bəzi abituryentlərin imtahan zamani aşağı nəticə göstərməsi Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi arasında yeni qalmaqalın əsasını qoydu. Hər iki dövlət qurumu problemin araşdırılması üçün iş başına keçiblər.
Təhsil Nazirliyi ilə TQDK arasında yaranan yeni fikir ayrılığı hələ də davam edir. 26 medalçı abituriyentlərin uğursuz nəticəsi ilə bağlı artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinə müraciət də edib.
Təhsil Nazirliyinin verdiyi qızıl medalların bəzilərini şübhə altına alan komissiya sədri bu məsələnin ciddi araşdırılma tələb edildiyini də vurğulayıb. Elə Təhsil Şurasının sədri Əjdər Ağayev də hesab edir ki, qızıl medalların verilməsindəki saxtakarlıq iddiaları ciddi araşdırılmalıdır. Onun fikrincə, qızıl medal alan qəbul imtahanında 140 bal toplayırsa, deməli, təltiflənmə prosesində neqativ hallara yol verilib: “238 nəfər qızıl medala layiq görülürsə, gərək onların hamısı 600 bal toplayardı. Yox əgər aşağı bal toplayıbsa, deməli, bu şişirdilmiş qiymətlərlə qızıl medalı alıb. Qızıl medal alan şagirdin nəinki 3, heç 4 rəqəmi olmamalıdır. Amma 140 bal toplamaq onu deyir ki, bunun biliyi 3 səviyyəsindədir”.
Əjdər Ağayev deyir ki, medalların verilməsi yalnız şagirdin 11 il ərzində çəkdiyi əziyyəti qiymətləndirir. Həvəsləndirmə rolunu oynayan həm qızıl, həm gümüş medalların məzun üçün başqa imtayazı nəzərdə tutulmayıb. Baxmayaraq ki, dəfələrlə orta məktəbi qızıl medalla bitirənlərin ali məktəblərə imtahansız qəbul olunması məsələsi müzakirə olunsa da öz təsdiqini tapmayıb: “Həm Məleykə xanım, həm bizim keçmiş nazir bu məsələni təsdiqləmədi, çünki biz bilirik axı reallığımız nədir. 140 nəticə göstərən ali məktəbə imtahansız qəbul olacaqdı, əgər qızıl medal alan belə yaxşı savada malikdirsə, onda onu qəbul imtahanını verməyə nə qorxudur”.
Qızıl və gümüş medallarla təltif olunmuş məzunların 79 faizi qəbul imtahanlarında 500-dən yüksək bal toplayıb. Onlardan 3 nəfəri maksimum -700 bal, 145 nəfəri 600-dən yüksək bal toplayıb. Yalnız bir nəfər 140 bal toplayıb. Bu məzunlardan 16-sı xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olunub.
Beləliklə, Təhsil Nazirliyi qızıl və gümüş medallarla təltif olunmuş məzunların qəbul imtahanlarında göstərdiyi nəticələrin təhlilindən sonra məzunların əksəriyyətinin öz bilik səviyyəsini təsdiqlədiyini bildirir.
İndi qalır Təhsil Nazirliyinin ona qarşı səslənən ciddi iradlara aydınlıq gətirməsi. Daha doğrusu, nəticəsi şübhə altına alınan 26 nəfərin medalı hansı yolla alması açıqlanmalıdır. /ANS TV/ [youtube=http://http://www.youtube.com/watch?v=wwQq2ayPlG8#t=32]
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?