“Biz Gürcüstanın yeni hakimiyyətindən Ermənistanla Gürcüstan arasında sərhəd xəttini dəqiq müəyyənləşdirmək üçün delimitasiya və demarkasiya işlərini tezləşdirməyi tələb edirik”. Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna “Sadaxlı Dirçəliş İttifaqı” təşkilatının sədri Sabir Mehdiyev verib. Onun sözlərinə görə, Sadaxlı icra nümayəndəliyi inzibati ərazisinə 5 kənd (Sadaxlı, Burma, Təzəkənd, Xuldərə, Mollaoğlu) daxildir: “13 mindən çox əhalisi olan bu kəndlərin hamısı Ermənistan sərhədində yerləşir və bizim hüquqlarımız hər an tapdalanır. Biz qorxu içində yaşayırıq. İki gün bundan əvvəl erməni əsgərləri Sadaxlıdan Burma kənd sakini Kamal Hüseynov və daha iki nəfəri tutaraq yaxınlıqdakı sərhəd zastavasına aparıblar. Hadisə barədə Azərbaycan səfirliyi də məlumatlandırılıb. Marneuli polis idarəsi işə müdaxilə etdikdən sonra onları azad ediblər. Görəsən, bu, nə vaxtadək davam edəcək? Biz Gürcüstanın yeni hakimiyyətindən Ermənistanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyasını tezləşdirməyi tələb edirik. Biz sərhəd xəttinin haradan keçdiyini bilmirik. Ermənistanla Gürcüstanın sərhəd demarkasiyası hələ müəyyənləşdirilməyib. Erməni əsgərləri isə hər gün bir hadisə törədir. Bu yolverilməz hadisələrin sonluğu pis olacaq”.
S. Mehdiyev avqustun 17-də həbs olunan Allahverdi Pələngova qarşı “sərhədi keçib” ittihamı ilə Ermənistan Təhlükəsizlik İdarəsi tərəfindən cinayət işi qaldırıldığını, A. Pələngovun vəziyyətindən hələ də xəbər olmadığını bildirib.
Sabir Mehdiyev Ermənistanın Gürcüstan torpaqlarını işğal etməsi faktlarına ermənilərin yaşadığı bölgələrdə də rast gəlindiyini bildirib: “Ağkörpü kəndi Ermənistanla sərhəddə yerləşir. Bu kənddə ermənilər yaşayır. Həmin kənd Sadaxlıdan 10-15 kilometr aralıdadır. Bu yaxınlarda mənə məlumat verdilər ki, Ağkörpü kəndinin icra nümayəndəliyi Marneuli rayon icra hakimiyyətinə ərizə verərək məsələ qaldırıb ki, 2008-2011-ci illərdə Ermənistan onların 30 hektar torpağını zəbt edib. Onlar hətta torpaqların köhnə xəritəsini də ərizəyə əlavə ediblər. Lakin rayon rəhbərliyi onlara inanmayıb. Bu məsələ üzərində işləyirik. Faktları daha dəqiq təsdiqləmək üçün arqumentlər axtarırıq. Bundan sonra məsələ qaldıracağıq ki, Ermənistan nəyin əsasında deyir ki, biz sərhədi adlamışıq. Bizim Gürcüstan sərhədçilərimiz hara baxır? 4 nəfərimiz yoxa çıxıb, 100 nəfərimizi ermənilər tutdu, 1000 baş mal-qara, qoyun yox oldu. Bunları Gürcüstan sərhədçiləri görmür?”
Burma kənd sakini Allahverdi Pələngovun əmisi oğlu Ayaz Pələngov da APA-ya açıqlamasında Ermənistanla heç bir əlaqənin olmadığını və saxlanılan A. Pələngov haqqında heç bir məlumat verilmədiyini bildirib: “Mən yalnız Gürcüstan parlamenti Mahir Dərziyev ilə əlaqə saxlamışam. O mənə bildirib ki, Allahverdi Pələngovun işi ilə Gürcüstanın güc strukturları və Xarici İşlər Nazirliyi məşğuldur. Məndə yalnız o məlumat var ki, Ermənistan Allahverdi Pələngovu sərhədi qanunsuz keçməkdə günahlandırır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?