İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 12-ci Xrebtovıy 10 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qalib Sahib oğlu Bağırova məxsus istehsalat sahəsində yoxlama aparılıb.
Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən edilib.
Xəbərdə deyilir ki, iş adamı tərəfindən kəsmik və xamanın uyğunluq sertifikatı, dovğanın isə uyğunluq sertifikatı və resepturası olmadan istehsal edildiyi, habelə kəsmik və xamanın markalanmasında saxlama müddətinin normativdən artıq göstərildiyi müəyyənləşdirilib. Bundan başqa, kəsmik və xamanın markalanmasında enerji və qida dəyərinin müəyyən edilmiş normalardan fərqli göstərildiyi bəlli olub.
Buna görə də sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Qeyd edək ki, nazirliyin mütəxəssisləri paytaxtın Binəqədi rayonundakı istehsalat sexlərində də yoxlama aparıblar. Monitorinq zamanı 400 litrdən artıq saxta süd məhsulları aşkarlanaraq satışdan çıxarılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?