Hazırda Türkiyədə yaşayıb-işləyən, TRT Azərbaycanın əməkdaşı, tanınmış jurnalist Könül Şamilqızı üzləşdiyi ədalətsizliklə bağlı facebook səhifəsində məlumat paylaşıb. Jurnalist xanım yazır ki, bu il 685 balla ali məktəbə qəbul olunan qızı qərəzli şəkildə qızıl medala layiq görülməyib və üstəlik orta təhsil aldığı Qazax rayonu Daş Salahlı kənd məktəbinin rəhbərliyi səviyyədsində aşağılanaraq, yalançılıqda ittiham edilib. Azərbaycandakı həmkarlarına müraciət edən K.Şamilqızı ilk baxışda şəxsi məsələ kimi görünən, lakin ölkədəki siyasi diskriminasiyanın növbəti nümunəsi olan bu faktı ictimailəşdirməyi xahiş edib.
K.Şamilqızının yazdıqlarını təqdim edirik:
“Hörmətli media mənsubları!
Müvafiq şəxslərlə telefon əlaqəsi qurmaq mümkün olmadığı, Azərbaycanda sahə müvəkkilindən nazirə qədər hər kəs özünü xalqın fövqündəki məxluqlar zənn edərək dilə gətirilən şikayətləri milçək vızıltısı kimi qəbul etdikləri üçün siz həmkarlarıma müraciət etmək qərarına gəldim. Siz dostlarımın ən azından bu məsələnin ictimailəşməsi üçün dəstəyinə ümid edirəm! Şəxsi və kiçik məsələ kimi görünə bilər, amma bizim vətəndaşı olduğumuz ölkənin murdar gerçəkliyini göstərmək baxımından önəmli olduğunu düşünürəm.
Mətbuat vasitəsilə sizlərin və dostlarımın da məlumu olduğu kimi, qızım bu il keçirilən test imtahanlarında 685 bal toplayıb və Bakı Dövlət Universitetının hüquq fakültəsinə daxil olub. Attestat qiymətlərinin hamısı, orta məktəbin buraxılış imtahanlarının nəticələri əla olmasa da, qızım qızıl medal üçün namizəd göstərilməyib. Oxuduğu Daş Salahlı kend 1 saylı orta məktəbin direktoru, qızımın olimpiada nəticəsi olmadığı üçün belə bir haqqı olmadığını bildirib. Ancaq elə bu il, olimpiada nəticəsi olmayan və mənim qızımdan daha az - 608 bal toplayan başqa bir şagird qızıl medala layiq görülüb. Ancaq əsas məsələ bu deyil. Mənim qızıl medalım qızımın göstərdiyi nəticədir!
Əsas məsələ, mənim 17 yaşlı övladımın bu gün Qazax rayonunda təhsil şöbəsi müdirinin, millət vəkili Əhməd Vəliyevin və diğər yetkililərin də iştirakıyla keçirilən toplantıda aşağılanması, incidilməsidir. Yüksək bal topladığı və məktəbinin, rayonunun etibarını artırdığı üçün təşəkkür edilməsi lazımkən, yalan danışmaqda ittiham edilməsidir. Əvvəlcə 1 saylı məktəbin direktoru Kamil Yusifov müavininə “Təhsil şöbəsi Ülkərin yalan danışdığını, 685 bal toplamadığını deyir” deyib. Cavabında bunun bilgisayardan çox asanlıqla araşdırılacaq bir şey olduğu bildirilib. Bu cavaba baxmayaraq, Qazaxda keçirilən toplantıda qızımın adı belə çəkilməyib (ondan aşağı bal toplayanların adları tək-tək çəkilib). Amma mühüm olan bu da deyil. Daş Salahlı kənd 2 saylı məktəbin direktoru Ulduz Mancanov qızıma yaxınlaşaraq hər kəsin içində “Sən niyə yalan danışırsan, 685 bal toplamamısan” deyə ittiham edib. Qızımın israrla “Dəqiqləşdirə bilərsiniz” deməsinə baxmayaraq, o, ittihamlarını davam etdirib və “Elə olsa, prezident təqaüdü alardın, sən yalan danışırsan” deyə aşağılayıb.
Bu aşağılamaların və ayrı-seçkiliyin səbəbini anlamaqda çətinlik çəkirəm. Və hörmətli təhsil nazirinə sual edirəm: Bu ayrı-seçkiliyin səbəbi mənim müxalif jurnalist, qızımdan aşağı nəticələr göstərməsinə rəğmən qızıl medal alan şagirdin valideyninin dövlət məmuru (Maliyyə İdarəsində çalışdığı bildirilir) olmağımızdırmı? Bu aşağılıq davranışın səbəbi Sizin təmsil etdiyiniz hakimiyyətə müxalif olmağımdırmı?
Mən Azərbaycan vətəndaşıyam. İmkanlarım olduğu halda övladımın, öz istəyini də nəzərə alaraq Azərbaycanda – ölkəsində təhsil almasını istədim. Bu qədər tez peşman olacağımı güman etmirdim. Ümid etmək istəyirəm ki, Qazaxda yaşanan bu iyrənc ayrı-seçkilik qızımın bundan sonra universitetdə qarşılaşacağı ayrı-seçkiliyin siqnalı olmaz. Olacaqsa da bunun məsuliyyətinin təhsil sistemi rəhbərliyinin və hörmətli Mikayıl Cabbarovun üzərində qalacağını indidən bəyan edirəm!”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?