Təhsil naziri Mikayıl Cabbarovun daha bir idarə rəisini işdən çıxardığı deyilir. Etibarlı mənbənin musavat.com-a verdiyi məlumata görə, adı bir neçə aydır mətbuatda hallanan Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili idarəsinin rəisi İlham Mustafayev vəzifəsindən azad edilib. Onun sentyabrın 3-də işdən çıxarıldığı bildirilir.
Xatırladaq ki, İ.Mustafayevin işdən çıxarılması haqda bir dəfə mediada məlumat yayılıb. Həmin vaxt o, öz vəzifəsini qoruya bildi. Amma görünür M.Cabbarov yeni tədris ilində Təhsil Nazirliyindəki “köhnələrin” nümayəndələrindən sayılan İlham Mustafayevlə işləmək istəməyib.
İ.Mustafayev 21 ildir ki, həmin vəzifəni tuturdu. Təhsil Nazirliyindəki mənbənin iddiasına görə, texnikum və kolleclərdə olan dəhşətli korrupsiya mexanizminin başında məhz İ.Mustafayev dayanırdı. Mənbə bildirir ki, Bakı Sosial İqtisad Kollecinin rüşvət üstə həbs olunmuş direktoru Mübariz Mahmudovun himayəçisi məhz İlham Mustafayev olub.
Təhsil Nazirliyindəki qaynaqlar bildirir ki, texnikum və kolleclərin direktorlarının tam əksəriyyəti 15-20 ildən çoxdur ki, eyni vəzifəni daşıyırlar. Bunların vəzifədə saxlanılmaları sessiya vaxtı topladıqları rüşvətin məbləği hesabınadır. Ekspertlər iddia edirlər ki, nazir Mikayıl Cabbarov təhsilin bu sahəsindəki şəbəkələşməni dağıtmaq üçün həmin şəbəkənin başında dayanan İlham Mustafayevi vəzifədən çıxarmalı olub. Bəzi təxmini hesablamalara görə, hər tədris ilində texnikum və kolleclərdən yığılan rüşvətin həcmi bir neçə milyon manat həcmində olur.
Onu da xatırladaq ki, Mikayıl Cabbarov vəzifəyə təyin olunandan bu günə kimi xeyli sayda adamı işdən çıxarıb. M.Cabbarov Təhsil Nazirliyinin maliyyə idarəsinin müdiri Şahrza Əliyevi, müavini Qulu Novruzovu və bir sıra nazirlik yetkililərini öz vəzifələrindən azad edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?